Bakı. Trend:
Sabahdan 28 may metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.
“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı Maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.
Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.