Bakı. Trend:
Kəkələmə nitqin tempo-ritmik tərəfinin pozulmasına aid olub, nitq aparatının əzələlərinin qıcolma spazmlarının nəticəsində nitqdə fasilələrin, təkrar olunmaların, uzadılmaların müşahidəsidir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda kəkələmənin əsas səbəbi beynin müəyyən mərkəzlərində həddindən artıq yüksək aktivlikdir.
“Bu aktivliyin yaranmasının dəqiq səbəbləri bu gün də məlum deyil. Həkimlər kəkələmənin inkişafı üçün yalnız risk qruplarını müəyyən edirlər. Bura qıcolmalara meyillilik, sinir sisteminin həssaslığı və s. aid edilir”.
A.Ələkbərova qeyd edib ki, genetika sahəsində aparılan son araşdırmalara görə, irsi kəkələmə bir ailənin bir neçə nəslin nümayəndələrində özünü göstərə bilər:
“Uşağın mərkəzi sinir sistemi, nitq aparatının inkişafının zəifliyi olduğu hallarda irsi kəkələmə müşahidə edilir. Kəkələmə oğlanlarda qızlara nisbətən 4 dəfə artıq müşahidə olunur”.