Bakı. Trend:
Bayramdan sonra bədənə yığılan toksinlərin əlamətləri müxtəlif şəkildə özünü göstərə bilər. Toksinlər orqanizmə əsasən qida (qatqı maddələri, pestisidlər), hava (ağır metallar, qazlar), su (kimyəvi çirkləndiricilər) və dərman preparatları vasitəsilə daxil olur.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.
Onun sözlərinə görə, bədən bu zərərli maddələri təbii yollarla – qaraciyər, böyrəklər, dəri və həzm sistemi vasitəsilə xaric etməyə çalışır:
“Lakin toksinlərin miqdarı bədənin təmizlənmə qabiliyyətindən artıq olduqda, müxtəlif sistemlərdə problemlər yarana bilər. Xroniki yorğunluq toksinlərin hüceyrələrdə enerji istehsalını zəiflətməsi ilə əlaqədardır. Xüsusən mitoxondrilərin funksiyası pozulduqda, bədən enerjini bərpa edə bilmir. Bunun nəticəsində yorğunluq hissi günün başlanğıcından belə özünü göstərə bilər. Bundan əlavə, bəzi toksinlər sinir sistemində neyrotransmitterlərin, məsələn dopamin və serotonin balansını pozaraq diqqət çatışmazlığı və əhvalın aşağı düşməsi ilə nəticələnir.
Dərinin vəziyyətindəki problemlər, məsələn sızanaqlar, qara
nöqtələr və quruluq, bədən toksinləri xaric edə bilmədikdə baş
verir. Dəri bu prosesdə iştirak etməyə başlayır. Nəticədə
qaraciyərin yükləndiyi hallarda sarılıq və ya iltihab əlamətləri də
müşahidə edilə bilər. Həzm sistemində yaranan problemlər, məsələn
qarında şişkinlik, qaz və qəbizlik, bağırsaq florasına təsir edən
toksinlərin nəticəsidir. Ağır metallar bağırsaq bakteriyalarının
balansını pozaraq, "disbioz" adlı vəziyyət yaradır. Bu da həzm
prosesini zəiflədir və immunitetin azalmasına səbəb olur.
Baş ağrıları və zehni dumanlıq toksinlərin beyinə qan vasitəsilə
keçərək neyrotoksik təsir göstərməsi ilə bağlıdır. Xüsusilə
qurğuşun və civə kimi ağır metallar sinir hüceyrələrinin
fəaliyyətini pozur. Bu da yaddaşın zəifləməsi və diqqətsizlik kimi
əlamətlərə gətirib çıxarır. Ağızdan pis qoxu gəlməsi və ağızda
acılıq qaraciyərin funksiyasının yüklənməsi ilə əlaqədardır. Qida
parçalanması məhsulları qan dövranında qalaraq bu problemləri
yaradır. Dil üzərində ağ və ya sarı təbəqə də buna işarədir”.
Mütəxəssis-ekspert qeyd edib ki, toksinlərin bədən yağlarında toplanması maddələr mübadiləsinin pozulmasına və artıq çəkinin yaranmasına səbəb ola bilər:
“Bəzi toksinlər, məsələn ftalatlar hormon balansını təsir edərək
piy toxumasının yığılmasını artırır. İmmunitetin zəifləməsi
toksinlərin yaratdığı yükə cavab olaraq orqanizmin enerjisini
detoksifikasiya prosesinə sərf etməsindən qaynaqlanır. Bu isə
tez-tez soyuqdəymə, iltihab və allergik reaksiyalarla özünü göstərə
bilər.
Bədəninizdə bu əlamətləri müşahidə etdikdə detoksifikasiya
prosesinə kömək etmək vacibdir. Toksinləri bədəndən atmaq üçün
antioksidantlarla zəngin qidalardan istifadə etmək, bol su içmək,
fiziki aktivliyi artırmaq tövsiyə olunur. Probiotiklər bağırsaq
mikroflorasını bərpa etməyə kömək edir, yaşıl çay isə
antioksidantlarla zəngin olduğu üçün toksinlərin atılmasını
sürətləndirir. Uzunmüddətli simptomlar müşahidə olunarsa,
nutrisioloq və ya həkimlə məsləhətləşmək vacibdir”.
E.Məmmədov sonda bildirib ki, sağlam qidalanma və aktiv həyat tərzi bədəninizin toksinlərdən müdafiə mexanizmini gücləndirir və ümumi sağlamlığınızı qorumağa kömək edir.