Bakı. Trend:
Azərbaycan və Qazaxıstan akademik əlaqələri və elmi tədqiqatları genişlətməklə ali təhsil sahəsində əməkdaşlığı möhkəmləndirəcək.
Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev ADA Universitetində iki ölkə arasında tərəfdaşlığın inkişafına həsr olunmuş dəyirmi masada deyib.
Nazir ali təhsil ocaqlarının beynəlmiləşdirilməsinə, akademik mübadilələrə və mədəni dialoqa xüsusi diqqət ayrdıldığını vurğulayıb:
“Biz mübadilələrə, mədəni dialoqa və yeni nəslin qarşılıqlı əlaqələrinə diqqət yetirməliyik”.
Onun sözlərinə görə, universitetlər ilk növbədə elm və tədqiqatlara fokuslanmalıdırlar. Mövcud reytinqlərə və göstəricilərə baxmayaraq, yeni biliklərin ərsəyə gətirilməsi və onların gələcək nəsillərə ötürülməsi əsas faktor olaraq qalmaqdadır.
Nazir həmçinin bildirib ki, tədbir çərçivəsində Azərbaycan və Qazaxıstan universitetləri arasında əməkdaşlıq haqqında sazişlər və protokollar imzalanacaq. Tərəflər eyni zamanda aparılan müştərək tədqiqatların, dərc olunmuş elmi işlərin və həyata keçirilmiş akademik təşəbbüslərin miqdarını illik olaraq izləməyə imkan verəcək birgə tədbirlər planının hazırlanmasına dair razılığa gəliblər.
“Biz müstəsna olaraq mədəni və siyasi qarşılıqlı əlaqələrdən real akademik cəmiyyətin qurulmasına keçid etməyə can atırıq. Bizim işin əsas nəzər nöqtəsi – elm və tədqiqatdır və bu sahədə real işin aparılması vacibdir”, -deyə Əmrullayev bildirib.