Bakı. Trend:
Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend-in xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib.
Həmin məktəbdə direktor müavini İslamov Elsevər münasibətlər zəminində Natiq Mehdini qətlə yetirib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Xatırladaq ki, Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.