...

Novruz bayramı Azərbaycan xalqının milli və mənəvi dəyərlərini əks etdirir - Deputat

Cəmiyyət Materials 18 Mart 2025 13:40 (UTC +04:00)
Novruz bayramı Azərbaycan xalqının milli və mənəvi dəyərlərini əks etdirir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını böyük təntənə, sevinclə qeyd edir. Azərbaycan xalqının milli və mənəvi dəyərlərini əks etdirən bu bayram hər il mart ayında baharın gəlişi ilə münasibətilə qeyd olunur. Novruz Bayramı bir çox adət-ənənələri, xüsusi simvolları və Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi olmaqla çərşənbələri özündə birləşdirən zəngin mədəni hadisədir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Novruz bayramı ilə bağlı bir çox maraqlı adət-ənənələr mövcuddur.

“Bu adətlər xalqın birlik və bərabərliyini nümayiş etdirir və qədimdən günümüzə qədər qorunub saxlanılıb. Novruz Bayramı tonqal üstündən tullanmaq, papaq atmaq, yumurta döyüşdürmək adətləri özündə əks etdirir. Bununla yanaşı “qulaq falı”, “üzük falı”, “səməni əkmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruz bayramı, eyni zamanda, sülhü və tolerantlığı tərənnüm edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Novruz Bayramı Azərbaycan xalqının milli dəyərlərinin və ənənələrinin qorunub saxlanıldığı, sevinclə qeyd olunan bir bayramdır. Bu bayram həm ailə dəyərlərini, həm də təbiətlə insan arasındakı harmoniyanı əks etdirir. Novruzun ruhu insanlara sevgi, ümid və yeni başlanğıclar gətirir”.

A.Həsənova vurğulayıb ki, çox sevindirici haldır ki, Azərbaycan xalqı artıq 5 ildir ki, Novruz bayramını qalib xalq kimi keçirir və bu da xalqmızın sevincinə sevinc qatır:

“30 il ərzində Azərbaycanın gözəl diyarları erməni işğalı altında olduğundan xalqımızın ürəyində bir nisgil var idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu nisgilə son qoydu, torpaqlarımız erməni işğalından azad edildi. Ulu Öndər Heydər Əliyev hər zaman o ərazilərdə də Novruz bayramının keçiriləcəyini vurğulayırdı.

Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa şevrilir, o gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir”.

Xəbər lenti

Xəbər lenti