Bakı. Trend:
Rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu (gizirlər, miçmanlar, zabitlər, eləcə də hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla) həbs edə biləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, belə hallarda əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları olacaq.
Mövcud qanunvericiliyə əsasən, rütbəsi böyük olanın yanında kiçik rütbəli hərbi qulluqçu hərbi intizamı, ictimai asayişi, yaxud əsgəri salamvermə qaydasını pozarsa, böyük rütbəli hərbi qulluqçu onu məzəmmət, bu, istənilən nəticəni vermədikdə isə onu həbs edə bilər.
Belə hallarda kiçik zabitləri generalların və admiralların; gizirləri və miçmanları generalların, admiralların və baş zabitlərin; əsgərləri, matrosları və çavuşları generalların, admiralların və bütün zabitlərin həbs etmək hüquqları var.
Bundan əlavə, təklif olunan dəyişikliklə əsgər, matros və çavuşların həbsinin icrası bölük (komanda) baş çavuşuna həvalə ediləcək. İdarələrdə (müəssisələrdə) hərbi qulluqçunun həbsi həmin cəzanı təyin etmiş rəis və ya idarə (müəssisə) rəisinin göstərişi ilə təyin edilmiş şəxs tərəfindən icra olunacaq.