Bakı. Trend:
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə Azərbaycana hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat malları gətiriləcək.
Trend-in məlumatına görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.
Quruma sözügedən sərfiyyat mallarını “Azfar Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təhvil verəcək.
Bunun müqabilində QSC-yə 28,5 milyon manat ödəniləcək.
Ötən ilin dekabrında da qeyd olunan sərfiyyat mallarının alınması ilə bağlı İnnovasiya və Təchizat Mərkəzi "Azfar Med" şirkəti ilə 3,7 milyon manatlıq satınalma müqaviləsi imzalamışdı.
Qeyd edək ki, “Azfar Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 2 min manat olan QSC-nin qanuni təmsilçisi Tağızadə Toğrul Eldar oğludur.