Bakı. Trend:
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurası bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bəyan edir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial platformalarda təşkilatımıza qarşı məqsədli, məkrli, qərəzli və əsassız şəkildə çirkin qarayaxma kampaniyası aparılır. Bu kampaniya açıq-aşkar böhtan xarakteri daşıyır, reallığı əks etdirmir. İctimaiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilir, bununla da Cəmiyyətin 105 illik tarixi boyu formalaşdırdığı yüksək nüfuzuna və imicinə xələl gətirmək məqsədi daşıyır. Bu da haqlı olaraq cəmiyyət üzvlərinin ciddi narazılığına, etirazına səbəb olmuşdur.
Hamıya məlumdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci ildən bu günə qədər milli və beynəlxalq hüquq normaları, eləcə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsipləri əsasında fəaliyyət göstərir. Cəmiyyət öz nizamnaməvi vəzifə və missiyasını Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, tam şəffaf və ictimaiyyətə açıq formada həyata keçirir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri müxtəlifdir və cəmiyyətin rəsmi internet saytında, eləcə də mətbuat orqanında bütün fəaliyyətlər barədə mütəmadi olaraq ətraflı məlumatlar yerləşdirilir. Həmçinin, saytda illik hesabatlar da yer alır. Hər bir Azərbaycan Respublikası vətəndaşı onları maraqlandıran məlumatları rəsmi saytdan əldə edə bilər.
Təəssüf doğuran hal odur ki, bu böhtan və əsassız yazılar,
Cəmiyyətin 105 illik yubiley tədbirindən dərhal sonra başlamışdır
ki, bu da kampaniyanın planlı və qərəzli xarakter daşıdığından
xəbər verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə
qarşı yönəlmiş bu cür təxribat xarakterli addımlar birmənalı
olaraq, ilk növbədə dövlətimizin və xalqımızın humanitar
dəyərlərinə zidd olmaqla yanaşı, həm də sosial cəhətdən müdafiəyə
ehtiyacı olan insanların yardıma çıxış imkanlarını təhdid altına
alır", - bəyanatda vurğulanıb.
Qeyd edilir ki, AzQAC humanitar ehtiyaclar zamanı zəruri layihələr
həyata keçirərək əhalinin həssas təbəqəsinə təmənnasız xidmətlər
göstərir:
"Buna misal olaraq, Koronavirus (COVİD19) pandemiyası və II
Qarabağ müharibəsi zamanı ayparaçıların fədakar əməyini qeyd etmək
olar. Bu zaman Cəmiyyətin əməkdaşları, könüllüləri öz həyatlarını
riskə ataraq humanitar missiyalarını ləyaqətlə yerinə yetirmişlər.
Erməni silahlı qüvvələrinin Bərdə şəhərinə atdıqları raket
nəticəsində öz humanitar missiyasını yerinə yetirən cəmiyyətin
könüllüsü Məhərrəm Mustafayev həlak olmuş, 2 könüllü isə
yaralanmışdır. Həmçinin, AzQAC-ın üzvləri öz missiyalarına uyğun
olaraq Ağdam-Xankəndi yolunda humanitar kampaniya keçirərkən 29 gün
ərzində çadırlarda gecələməli olmuşlar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyəti nəzərə
alınaraq, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin Fəxri üzvü cənab İlham Əliyevin müvafiq
sərəncamları ilə cəmiyyətin əməkdaşları 5 Orden, 57 “Tərəqqi”
medalı ilə təltif olunub, 2 əməkdaşı əməkdar jurnalist fəxri adına
layiq görülüblər. 13 şəfqət işçisi isə Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Hərəkatının ən yüksək medalı olan “Florence
Nightingale” medalını alıb.
MDB məkanında azsaylı milli cəmiyyətlərdəndir ki, fəaliyyəti
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Azərbaycan
Respublikasının Qanunu və digər qanunvericilik sənədləri ilə
tənzimlənir. Bütün bunlar respublika rəhbərliyinin, dövlətin
AzQAC-a diqqət və qayğısının, eləcə də etibarının bariz
nümunəsidir.
Onilliklər ərzində Cəmiyyətin uğurlarını, əməkdaşlarının və
könüllülərinin fədakar əməyini görməmək, zənnimizcə, heç bir
məntiqə sığmır. Media orqanlarını, jurnalistləri və sosial şəbəkə
istifadəçilərini Milli Mətbuatımızın 150 illiyini qeyd etməyə
hazırlaşdığı bir vaxtda, Həsənbəy Zərdabi ənənələrinə sadiq qalaraq
məsuliyyətli davranmağa, yaydıqları informasiyanın obyektivliyini
yoxlamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq. Hesab
edirik ki, AzQAC-ın fəaliyyəti barədə verilən rəylər və yazılar
öncə müvafiq qaydada Cəmiyyətə sorğunun göndərilməsi və sorğuya
verilən cavablara əsaslanmalıdır.
AzQAC hər zaman olduğu kimi bundan sonra da öz xeyirxah missiyasına
sadiq qalaraq xalqımıza və dövlətimizə təmənnasız xidmət
göstərəcək, humanitar sahədə hökumətin yardımçısı kimi
nizamnaməsindən irəli gələn vəzifələri vicdanla, şərəf və
ləyaqətlə, məsuliyyətlə yerinə yetirməyə davam edəcəkdir.
Gələcəkdə belə xarakterli yazıların dərc olunması davam edəcəyi
təqdirdə, məsələyə hüquqi müstəvidə qiymət veriləcəyi qaçılmaz ola
bilər.
Bəyanat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Idarəetmə Şurasının 19
may 2025-ci il tarixdə keçirilən geniş tərkibli iclasında qəbul
olunmuşdur".