...

Dövlətin nəzarət mexanizmləri və işçinin hüquqları: Sahibkarların xidməti müqaviləyə üstünlük verməsinin səbəbləri - RƏY

Cəmiyyət Materials 12 Avqust 2025 10:10 (UTC +04:00)
Dövlətin nəzarət mexanizmləri və işçinin hüquqları: Sahibkarların xidməti müqaviləyə üstünlük verməsinin səbəbləri - RƏY
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sahibkarlar müəyyən bir işi yerinə yetirmək üçün işçilərlə müvafiq olaraq əmək müqaviləsi yaxud xidməti müqavilə bağlayırlar. Lakin bəzi hallarda işçilərlə göstərilən xidmət müqabilində bağlanan müqavilə təyinatına uyğun olmur. Belə ki, bir çox sahibkar daimi və ştat cədvəlinə uyğun çalışan işçilərlə əmək müqaviləsi bağlamalı olduqları halda, bunun əvəzinə xidməti müqavilə bağlayaraq əmək qanunvericiliyindən yayınmağa çalışırlar. Bu isə həm işçinin sosial hüquqlarının pozulmasına, həm də vergidən yayınma hallarına səbəb ola bilər. Bu baxımdan, məşğulluğun leqallaşdırılması və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri də özünüməşğulluq proqramlarıdır.

Bəs, bu il azad edilmiş ərazilərdə nə qədər şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki,cəmiyyətdə bu iki müqavilə forması tez-tez bir-biri ilə səhv salınır:

“Əmək müqaviləsi yalnız Əmək Məcəlləsinə əsaslanır. Bu müqavilə işçinin əməkhaqqı, məzuniyyət, iş vaxtı, sosial sığorta, pensiya təminatı və digər hüquqlarının qorunmasına xidmət edir. Xidməti müqavilə isə Mülki Məcəllə çərçivəsində imzalanır. Daha çox layihə xarakterli və ya konkret xidmətin icrası üçün nəzərdə tutulur. Bu zaman nə iş rejimi, nə də tabeçilik anlayışı mövcuddur. Əmək müqaviləsi bağlanan zaman işçi müəssisənin daxili nizam-intizam qaydalarına riayət etməli, müəyyən olunmuş iş rejiminə uyğun fəaliyət göstərməlidir.Onun iş,istirahət, və məzuniyyət hüquqları qanunvericiliklə tənzimlənir. Xidməti müqavilədə əsas olan yalnız nəticədir. Yəni sifarişçi prosesin necə aparıldığına yox, nəticədə göstərilən xidmətə baxır. İş saatı, məzuniyyət anlayışı bu münasibətdə yoxdur”.

Mütəxəssis bildirib ki, əmək müqaviləsi zamanı işəgötürən işçinin sosial sığorta haqlarını ödəməlidir, bu məcburidir:

“Bu yolla işçinin iş stajı da formalaşır. Xidməti müqavilədə sosial sığorta ödəmələri könüllü xarakter daşıyır. Bu zaman iş xidmət göstərənin iş stajı toplanmır. Bu səbəbdən xidməti müqavilə ilə çalışanlar gələcəkdə pensiya hüquqları baxımından çətinliklərlə üzləşə bilərlər. Əgər fəaliyyət daimi və davamlı xarakter daşıyırsa , məsələn, bir şirkətdə uzun müddət çalışmaq planlaşdırılırsa bu zaman əmək müqaviləsi bağlanmalıdır. Əgər iş vaxtilə layihə xarakterlidirsə yaxud bir xidmətin görülməsi ilə bağlıdırsa, o zaman xidməti müqavilə bağlana bilər. Məsələn dizaynerlə bir dəfəlik loqo hazırlanması üçün xidməti müqavilə bağlana bilər. Amma dizayner daimi işə cəlb edilərsə, bu zaman əmək müqaviləsi vacibdir.

V. Mehdiyeva vurğulayıb ki, bəzən işəgötürənlər əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayaraq məsuliyyətdən yayınmağa çalışırlar:

“Lakin bu qanun pozuntusudur. Əgər işçi daimi şəkildə rəhbərin nəzarəti altında çalışırsa, iş qrafikinə tabedir və iş yeri işəgötürən tərəfindən müəyyən olunubsa, bu artıq əmək münasibəti sayılır və yalnız əmək müqaviləsi bağlanmalıdır. Bu hallarda xidməti müqavilə bağlanması qanunvericiliyin pozulması kimi qiymətləndirilir”.

İqtisadçı ekspert Xalid Kərimli isə Trend-ə qeyd edib ki, xidmət müqaviləsi və əmək müqaviləsini həm Mülki Məcəllə, həm də Vergi Məcəlləsi fərqləndirir:

"Xidmət müqaviləsi ilə əmək müqaviləsi hüquqi cəhətdən fərqli anlayışlardır. Xidmət müqaviləsi daha çevik və rahat olduğu üçün sahibkarlar çox zaman bu formaya üstünlük verirlər. Lakin dövlət həmin sahədə hüquqi boşluqların yaranmaması üçün bu prosesi ciddi şəkildə tənzimləyir. Sahibkarların xidmət müqaviləsinə üstünlük verməsinin əsas səbəbi vergi və icbari ödənişlərin daha az olmasıdır. Belə ki, əmək müqaviləsi ilə işə qəbul edilən şəxslə bağlı daha çox hüquqi öhdəliklər yaranır, nəticədə vergilər və digər xərclər artır. Bu isə sahibkar üçün əlavə maliyyə yükü deməkdir. Digər tərəfdən, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimləndiyi üçün işçiyə müəyyən hüquqlar verilir. Əgər bu hüquqlar sonradan təmin olunmazsa, sahibkar üçün hüquqi və maliyyə baxımından əlavə risklər və problemlər yarana bilər".

Onun sözlərinə görə, konkret halda əmək müqaviləsi bağlanmalıdır, lakin buna baxmayaraq, xidmət müqaviləsi bağlayırlar.

"Bu yola əl atan şəxslər, adətən, qanunvericilikdən yayınmağa meyilli olurlar. Məhz buna görə də belə addımlar atılır. Qanunvericiliyə əsasən, əgər iş davamlı xarakter daşıyırsa, iş işəgötürənin rəhbərliyi altında, onun vasitələri ilə və onun müəyyən etdiyi iş yerində yerinə yetirilirsə, bu halda mütləq əmək müqaviləsi bağlanmalıdır. Əgər xidmət müvəqqətidirsə və xidməti təqdim edən şəxs işi öz alət və vasitələri ilə həyata keçirirsə, bu zaman xidmət müqaviləsinin bağlanması hüquqi cəhətdən əsaslı sayılır. Ona görə də burada konkret meyarlar əsasında qiymətləndirmə aparılmalıdır. Həm əmək müqaviləsi, həm də xidmət müqaviləsi qanuni fəaliyyət formalarıdır, lakin hər biri müvafiq hüquqi rejimə uyğun tətbiq edilməlidir. Bu, həm işçinin hüquqlarının qorunması, həm də dövlət büdcəsinə ödənilməli olan vergilərdən və sosial ödənişlərdən yayınma hallarının qarşısının alınması baxımından vacibdir. Dövlət Vergi Xidməti bu məsələləri ciddi şəkildə nəzarətdə saxlayır, lakin işçilərin də öz hüquqlarını bilməsi və onları müdafiə etməsi mühüm əhəmiyyət daşıyır", - deyə ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti