Bakı.Trend:
Azərbaycanda şəhər mühitində sürətlə artan yaşayış kompleksləri ilə yanaşı, parkinq problemi də özünü göstərməyə başlayıb. Xüsusilə çoxmərtəbəli binaların həyətində və ətrafında məhdud park yerləri, həm sakinlərin, həm də qonaqların gündəlik narazılığına səbəb olur. Bir çox binalarda artıq qonaq qismində gələn şəxslərin də parkinq üçün ödəniş etməsi qaydası tətbiq edilir. Bu isə həm təhlükəsizlik və nizam-intizamın qorunması, həm də park yerlərinin daha səmərəli idarə olunması baxımından müzakirə mövzusu olaraq qalır. Məsələnin sakinlər, idarəedici şirkətlər və şəhər infrastrukturu baxımından hansı üstünlüklər və çatışmazlıqlar yaratdığı isə ictimai diqqətin əsas suallarından biridir. Hazırda bəzi MTK-da yaşayan şəxslərin evlərinə qonaq gələn şəxslərin avtomobilini binanın qarajında və həyətində saxlamasına görə 1 saatlıq parkinq üçün 1-3 manat ödəməsi tələb olunur. Bu da müəyyən narazılıqlara səbəb olur.
Əmlak eksperti Şahin İbadoğlu mövzuyla bağlı Trend-ə açıqlamasında bildirib ki, beynəlxalq təcrübəyə baxanda görürük ki, yeni yaşayış komplekslərində qonaqların qısa müddətli parklanması məhz ayrıca qayda ilə tənzimlənir:
“Bunun əsas səbəbi ondan ibarətdir ki, sakinlərin uzunmüddətli ehtiyacı ilə qonaqların qısa ziyarət ehtiyacı bir-birindən fərqlidir və vahid tarif tətbiq edildikdə həm həyətlərdə, həm küçə kənarlarında xaos yaranır. Bir çox ölkələrdə – xüsusilə Böyük Britaniya, Almaniya və Kanadada – bina sakinləri üçün daimi yerlər ayrılır, lakin qonaqların parklanması sadəcə “saatlıq ödəsin” prinsipi ilə idarə olunmur. Qonaqlar üçün ayrıca, qısa müddətli və məntiqli tarif siyasəti formalaşdırılır ki, nə sakinlər bu yerlərdən sui-istifadə etsin, nə də qonaqlar üçün nəzərdə tutulan məkan günboyu ətraf ofislərin işçiləri tərəfindən tutulub qalsın”.
O qeyd edib ki, adətən belə ölkələrdə qonağın parklanması üçün ilk 15-30 dəqiqə ya pulsuz, ya da çox aşağı tariflə həyata keçirilir.
Bunun məqsədi qısa ziyarətlər - uşaq gətirib-götürmək, ev sahibinə nəsə təhvil vermək kimi halları asanlaşdırmaqdır:
Daha sonra, 1- 2 saatlıq normal ziyarət üçün orta səviyyəli, şəffaf və əsaslandırılmış tarif tətbiq olunur. Bu tarif nə küçə parklanmasından xeyli baha, nə də elə ucuz olur ki, hamı həyətə üz tutsun. Beləliklə, sistem qonaqlar üçün əlçatan, sakinlər üçün isə maneəsiz olur.
Ekspert vurğulayıb ki, uzunmüddətli dayanmanın qarşısını almaq üçün isə bir çox şəhərlərdə 2–4 saatdan sonra tarif artırılır və ya ümumiyyətlə həmin müddətdən sonra parklanma məhdudlaşdırılır:
“Bunun səbəbi qonaq yerlərinin “günlük park dayanacağı”na çevrilməsinin qarşısını almaqdır”.
Ş.İbadoğlu bildirib ki, müasir yanaşma rəqəmsal sistemlər üzərində qurulur: “Sakin mobil tətbiqdən qonağın avtomobil nömrəsini qeyd edir, sistem həmin nömrəyə müəyyən müddətlik giriş icazəsi tanıyır, şlaqbaum və ya kamera maşını tanıyaraq içəri buraxır və ödənişi ya qonaq özü edir, ya da sistem avtomatik hesablayır. Bir çox Avropa şəhərlərində artıq fiziki talonlar və kassirli giriş məntiqi tamamilə ləğv olunub; çünki rəqəmsal model həm növbələrin qarşısını alır, həm də sui-istifadə risklərini minimuma endirir”.
Ekspertin fikrincə, Azərbaycan üçün ən uyğun variant məhz belə bir model ola bilər.
“Yəni, qonaqlar üçün müəyyən sayda yer əvvəlcədən layihə mərhələsində ayrılır, tariflər çox yüksək və ya əsassız şəkildə dəyişdirilmir, ilk yarım saatlıq məbləğ yüngül tutulur, daha sonra isə beynəlxalq təcrübəyə uyğun tarif tətbiq edilir. Bu, həm sakinlərin yeraltı qarajdan istifadəsini təşviq edir, həm qonağın rahat şəkildə parklana bilməsinə imkan yaradır, həm də həyətlərdə tıxac və xaosun qarşısını alır”.
O, qeyd edib ki, qonaq parklanmasının düzgün tənzimlənməsi təkcə ödəniş məsələsi deyil, həm də yaşayış məkanının düzgün idarə olunması, şəhər mühitində nizam-intizamın qorunması və sakin-qonaq balansının təmin edilməsidir.
“Bu baxımdan beynəlxalq praktika çox aydın göstərir ki, qonaq parkını ayrıca, məntiqli və rəqəmsal yanaşma ilə tənzimləmək ən səmərəli modeldir”,-deyə ekspert əlavə edib.
Əmlak eksperti Elnur Azadov Trend-ə açıqlamasında bildirib ki, əgər şəxs həmin binada sakin deyilsə, digərləri kimi ödəniş etməlidir.
“Əgər söhbət yaşayış kompleksinin həyətindən gedirsə və bu kompleks MTK (mənzil-tikinti kooperativi) tərəfindən idarə olunursa, idarəetmə həmin MTK-nın nizamnaməsinə uyğun həyata keçirilməlidir. Həmçinin, alternativ olaraq, sakinlərin ümumi qərarı ilə tənzimlənə bilər”.
Ekspertin fikrincə, sakinlər birgə mülkiyyət formasında cəmiyyət yarada bilərlər.
Çoxmənzilli binada yeraltı qarajın və ya həyətin istifadəsi ilə bağlı qərar ümumi razılıqla və səsvermə yolu ilə verilməlidir. Çünki bu ərazilər ümumi mülkiyyət sayılır və necə istifadə olunacağı sakinlərin qərarına bağlıdır.
E.Azadov bildirib ki, Mülki Məcəlləyə əsasən, belə hallarda sakinlər özləri səsvermə yolu ilə qərar verməlidirlər.
“Bu yalnız yeni tikililərə deyil, bütün çoxmənzilli yaşayış binalarına aid edilir, və Mənzil Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Əgər şəxs orada sakin deyilsə, hamı kimi ödəniş etməlidir”.
E.Azadov əlavə edib ki, Mülki Məcəllədə də bu kimi hallar öz əksini tapıb. Orada qeyd olunur ki, sakinlər özləri səsvermə yolu ilə qərar verməlidirlər.
“Bu yalnız yeni tikilmiş binalara aid deyil, Mənzil Məcəlləsinə əsasən bütün çoxmənzilli yaşayış binalarına şamil olunur”,- deyə ekspert bildirib.
