Bakı. Trend:
Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib.
Trend xəbər verir ki, iclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak ediblər.
Toplantıda çıxış edən Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, dezinformasiyanın və saxta xəbərlərin qarşısının alınması Azərbaycan üçün prioritet istiqamətdir.
O vurğulayıb ki, Azərbaycan hökuməti KİV-in inkişafına xüsusi diqqət göstərir, bu sahədə dialoqu fəal şəkildə genişləndirir və beynəlxalq əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.
Əhməd İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumu KİV-in inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsi üçün mühüm platformaya çevrilib.
“2025-ci ilin iyulunda keçirilən Üçüncü Şuşa Qlobal Forumu aparıcı media qurumlarının nümayəndələri, müxtəlif ölkələrdən – o cümlədən Özbəkistan, Qazaxıstan və digər dövlətlərdən gələn ekspertlər və analitiklər də daxil olmaqla geniş iştirakçı dairəsinin diqqətini cəlb edib. Tədbir çərçivəsində rəqəmsal dövrün çağırışları, məlumatların etibarlılığının artırılması yolları və beynəlxalq media əməkdaşlığı üçün yeni imkanlar müzakirə olunub”, – deyə o bildirib.
Ə.İsmayılov qeyd edib ki, Azərbaycan dezinformasiya və saxta xəbərlərlə mübarizəyə xüsusi diqqət yetirir və bu istiqaməti informasiya təhlükəsizliyinin qorunmasının əsas elementlərindən biri kimi qiymətləndirir.
“Azərbaycan peşəkarlığa, ortaq dəyərlərə və əməkdaşlığın bütövlüyünə sadiq qalır. Türk dövlətlərinin qarşılıqlı fəaliyyət platforması maraqlarımızın təşviqi və etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır”, – deyə o vurğulayıb.
TDT Baş katibinin müavini Ömer Kocaman çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatının (TDT) informasiya bütövlüyünün təmin olunması üzrə Təşəbbüsün işə salınması planlaşdırılır.
"Hal-hazırda təşkilatımızın 2027–2031-ci illəri əhatə edən beşillik strategiyası üzərində çalışırıq. Bu strategiya çərçivəsində “TDT-nin İnformasiya Bütövlüyünün Təminatı Təşəbbüsü” adlanan yeni bir strukturun yaradılması nəzərdə tutulur. Təşəbbüsün məqsədi birgə verifikasiya və faktların yoxlanılması mexanizmlərinin işlənib hazırlanması, vətəndaşların media savadlılığının artırılması üzrə kompleks proqramların həyata keçirilməsi, həmçinin informasiya müharibəsi təhlükələrinə cavab vermək üçün əlaqələndirilmiş mexanizmlərin tətbiq olunmasıdır", – deyə o bildirib.
Baş katibin müavini qeyd edib ki, iclasın bu gün Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır:
“Bu gözəl şəhər bizim ortaq irsimizi və birlikdə qurmaq istədiyimiz gələcəyi təcəssüm etdirir. Azərbaycan türk dünyasında əməkdaşlığın gücləndirilməsində həmişə mühüm rol oynayıb".
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr birgə məzmun istehsalını artırmalıdırlar.
“Bizim ortaq məzmun - bədii seriallar, sənədli layihələr, turizm, mədəniyyət və ölkələrimizin investisiya imkanları haqqında proqramların istehsalını genişləndirməyimizi vacibdir. Bu istiqamətdə böyük potensialımız var, lakin hələlik bu işə lazımi dinamikanı verə bilməmişik”, – deyə o bildirib.
İskakov TDT-yə üzv ölkələrin televiziya məhsullarına çıxışın genişləndirilməsinin, milli telekanalların qarşılıqlı şəkildə ən geniş auditoriyada yayımının təmin edilməsinin zəruriliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, kontent mübadiləsi və telekanalların bir-birinin efirində iştirak etməsi olmadan əməkdaşlıq yetərincə səmərəli ola bilməz.
O əlavə edib ki, türkdilli uşaqlar üçün yüksək keyfiyyətli kontentin hazırlanmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi vacibdir. Bu, yeni nəslin mədəni inkişafına mühüm töhfə verəcək.
“Cizgi filmləri olmadan, uşaqların prosesə cəlb olunması olmadan xalqlarımız bir-birini daha yaxından tanıya bilməz. Uşaq məzmunun yaradılması fəaliyyətimizin prioritet istiqamətlərindən biri olmalıdır”, – deyə o vurğulayıb.
Qırğısıtanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vətəndaşlar üçün təhlükəsiz informasiya mühitinin yaradılmasına yönəlmiş həll yollarının axtarılması mühüm əhəmiyyət kəsb edir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində vətəndaşlar üçün təhlükəsiz, şəffaf və ədalətli informasiya mühitinin formalaşdırılmasına xidmət edən həll yollarının tapılması vacibdir. Müasir rəqəmsal dövrdə internet və sosial şəbəkələr informasiyanın və ideyaların mübadiləsi üçün güclü alətə çevrilib, ifadə azadlığının və məlumatlara çıxışın təmin olunmasında əsas rol oynayır”, – deyə o vurğulayıb.
Daha sonra TDT Baş katibinin müavini Ömer Kocaman çıxış edərək bildirib ki, TDT üzv dövlətlərinin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin növbəti toplantısı Astanada keçiriləcək
Sonda 7-ci toplantının yekunlarına dair Kommünike qəbul olunub.
