Bakı. Trend:
Hərbi xidmətə çağırılan dövlət qulluqçuları üçün müavinət və imtiyazlar müəyyənləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ bu gün Milli Məclisinin Hüquq siyasəti
və dövlət quruculuğu və
Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan “Dövlət
qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verilə bilər.
Bu halda dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
