Bakı. Trend:
BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı və media
nümayəndələrinin, əlilliyi olan şəxslərlə bağlı QHT-lərin, BMT-nin
Kommunikasiya Qrupu və İnklüzivlik üzrə İşçi Qrupunun
təmsilçilərinin, ekspertlərin iştirakı ilə “Mediada inklüziv dildən
istifadənin təşviqi” mövzusunda seminar keçirilib.
Trend xəbər verir
ki, seminarın açılışı zamanı əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə əlilliyi olan
şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə
inteqrasiyası sahəsində aparılan işləri qeyd edib.
Prezident İlham Əliyevin tapşırıqları ilə son illər
reallaşdırılan sosial islahatlar çərçivəsində əlilliyi olan
şəxslərin pensiya, müavinət və təqaüdlərində də ciddi artımlar
edildiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin də yaradıcı
potensialının inkişaf etdirilməsində mühüm rolu vurğulanıb.
Nazirlik tərəfindən son illər əlilliyi olan şəxslər üçün icra
olunan inklüziv layihələrdən bəhs olunub.
Qeyd edilib ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Konvensiyasına uyğun olaraq milli qanunvericiliyin
mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin bir
istiqaməti olaraq, qanunvericilik aktlarında əlillik, əlilliyi olan
şəxslərlə bağlı bir sıra stereotip və ya köhnəlmiş vulqar, bayağı
ifadələr müasir və etik yanaşmaya uyğun yeni ifadələrlə (məsələn
“lal” sözü - “nitq qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kor”
sözü - “görmə qabiliyyəti tam məhdud olan” sözləri ilə, “kar” sözü
- “eşitmə qabiliyyəti tam məhdud olan” sözləri ilə və s.)
əvəzlənib.
Mediada da əlilliyi olan şəxslərlə bağlı mövzularda məlumatlandırma
zamanı köhnəlmiş terminlərdən, vulqar ifadələrdən istifadə
edilməməsi, qanunvericilikdə əks olunan, həmin şəxslərin
xüsusiyyətlərinə hörmətlə yanaşılmasını özündə ehtiva edən düzgün
və inklüziv yanaşma əsaslı ifadələrin işlənməsi, inklüziv dilin
təşviqi diqqətdə saxlanmalıdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka
Andreeva BMT-nin Əlillik üzrə İnklüziv Kommunikasiya Təlimatını
qeyd edib, mediada inklüziv dildən istifadənin əhəmiyyətini, bu
təlimin iştirakçılar arasında dialoqu təşviq etməyi, yaxşı
təcrübələri paylaşmağı və mediada inklüziv dildən istifadə üzrə
potensialı artırmağı hədəflədiyini bildirib.
Seminarda “Seçdiyimiz Sözlər” adlı interaktiv səhnə təqdim olub,
həmçinin “Əlillik və inklüzivliyin dərki – əsas anlayışlar və
terminologiya” mövzusunda təqdimat edilib. Əlilliyin təsvirində
inkluziv dildən istifadəyə dair interaktiv təlim keçirilib.
İnklüziv dildən istifadə olunaraq qısa xəbər və ya hekayə yazılması
ilə bağlı qrup işi də təşkil olunub, iştirakçıların yekun
nəticələri dəyərləndirilib.
