Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq” analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Verilişin qonağı Azərbaycanın əməkdar rəssamı İrina Eldarova olub.
Trend xəbər verir ki, İrina Eldarova layihənin aparıcısı Tofiq Abbasovla söhbət zamanı incəsənətin milli kimliyin və ictimai şüurun formalaşmasındakı roluna toxunub.
Onun sözlərinə görə, incəsənət öz təbiətinə görə elitarlıqla dərin vətənpərvərliyi birləşdirir.
“Bir tərəfdən incəsənət kifayət qədər elitar xarakter daşıyır, çünki rəssamların və bəstəkarların qabaqcıl ideyaları çox zaman öz dövrünü qabaqlayır. Digər tərəfdən isə incəsənət, bəlkə də hər şeydən daha çox, vətənpərvərdir. O, bütün dünyaya məxsusdur, lakin hər bir ölkə haqlı olaraq öz müəllifləri ilə fəxr edir”, – deyə İrina Eldarova qeyd edib.
Rəssam 1986-cı ildə Azərbaycana köçdüyünü xatırladıb və 1990-cı illərlə bağlı şəxsi xatirələrini bölüşüb.
“Qızlarım iki nömrəli liseydə oxuyanda hər səhər saat səkkizdə – havanın necə olmasından asılı olmayaraq – sıraya düzülür və Azərbaycan himnini dinləyirdilər. Bu, inanılmaz dərəcədə təsirli idi. Mənim üçün Azərbaycan himni vətənə həsr olunmuş ən güclü və kamil əsərlərdən biridir”, – deyə o bildirib.
Peşəkar fəaliyyətindən danışan İrina Eldarova Azərbaycan Milli İncəsənət Muzeyi ilə uzun illər davam edən əməkdaşlığından və ölkə rəssamlarına həsr olunmuş irihəcmli nəşrlər seriyası üzərində gördüyü işlərdən söz açıb.
“Mən 38-dən artıq kitab hazırlamışam və düşünürdüm ki, Azərbaycan incəsənətini yaxşı tanıyıram. Lakin iş prosesində bu biliklərim xeyli dərinləşdi. Azərbaycan təsviri sənət məktəbi güclü, özünəməxsusdur və çoxlu sayda parlaq müəlliflərə malikdir”, – deyə o vurğulayıb.
Verilişdə Azərbaycanın beynəlxalq mədəni təmsilçiliyinə də xüsusi diqqət yetirilib. İrina Eldarova Venesiya Biennalesində iştirakı xatırladaraq bildirib ki, ixtisaslaşmış mətbuatın sorğularına əsasən, Azərbaycan pavilyonu 170-dən çox ölkə arasında ən çox ziyarət edilən on pavilyon sırasına daxil olub.
“Bizim pavilyon böyük maraqla qarşılanırdı. Altı ay davam edən sərgi müddətində çoxlu isti rəylər aldıq. Dünyanın müxtəlif ölkələrindən olan insanlar Azərbaycanı incəsənət vasitəsilə kəşf edirdilər”, – deyə o qeyd edib.
Müharibədən sonrakı reallıq kontekstində rəssam mədəniyyət xadimlərinin xüsusi missiyasını da vurğulayıb.
“Rəssamlar faktiki olaraq dinc yanaşı yaşama prosesinin tonunu müəyyənləşdirirlər. Xaricdə sərgilənərək onlar təkcə öz ölkələrinin mədəniyyətini təqdim etmir, eyni zamanda sülh, xeyirxahlıq və yaradıcılıq dəyərlərini təşviq edirlər”, – deyə İrina Eldarova bildirib.
Çıxışını yekunlaşdıran rəssam, auditoriyaya humanist mesaj ünvanlayıb.
“Mən hər kəsə sülh arzulamaq istəyirəm – hər bir insana, hər bir ailəyə, hər bir ölkəyə. Əgər bəşəriyyət daha az müharibə aparıb, daha çox yaratsaydı, dünya tamamilə fərqli olardı”, – deyə o vurğulayıb.
