Bakı. Trend:
Bakıda "Virtual Qərbi Azərbaycan" ensiklopedik toplusunun təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanan toplu ilkin mənbələr əsasında işlənilib.
Layihə çərçivəsində yaradılmış internet resursu 8 əsas bölmə, 34 başlıq və 55 alt başlıqdan ibarətdir. Resursda Qərbi Azərbaycanın ən qədim dövrlərdən bu günədək təbii-coğrafi şəraiti, tarixi coğrafiyası, arxeologiyası, etnoqrafiyası, siyasi, sosial-iqtisadi, hərbi və mədəniyyət tarixinə dair məsələlər əhatəli şəkildə əks etdirilib.
Layihədə bir məkan (şəhər, rayon və kənd) prinsipi əsasında əraziyə dair bütün məlumatların asan və rahat şəkildə əldə olunması imkanı yaranır.
Tədqiqat Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisinə aid hissə) üzrə Azərbaycan xalqına məxsus yaşayış məntəqələrini, milli-mədəni irsə aid dini və tarixi abidələrin mövcud vəziyyətini əhatə edir. Tədqiqat çar Rusiyası və SSRİ dövrlərində erməni əhalisinin bu ərazilərə kütləvi şəkildə köçürülərək yerləşdirilməsi siyasətini, yerli azərbaycanlı əhalinin etnik təmizləmə, soyqırımı və deportasiyaya məruz qalması tarixini, toponimlərin məqsədli şəkildə dəyişdirilməsini və ərazinin tarixi coğrafiyasını əks etdirən xəritələrin təhlilini elmi əsaslarla təqdim edir.
