...

Heyvalı kəndində 45 ev tam bərpa edilib

Cəmiyyət Materials 14 Yanvar 2026 12:28 (UTC +04:00)
Heyvalı kəndində 45 ev tam bərpa edilib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunun Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, il ərzində əlavə 50 evin bərpası nəzərdə tutulur:

"Artıq doğma yurduna qayıdan 19 ailə (74 nəfər) üçün bütün zəruri şərait yaradılıb. Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər aparılıb. Mövcud iki transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub, sakinlərin istirahəti üçün yeni park salınıb".

Qeyd edək ki, Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük və heyvandarlıq olub, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti