...

Milli Elektron Lüğət Platformasının yaradılması təklif edilir

Cəmiyyət Materials 22 Yanvar 2026 09:30 (UTC +04:00)
Milli Elektron Lüğət Platformasının yaradılması təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Komitənin yaz sessiyası üçün iş planında təhsildə dilin keyfiyyəti və rəqəmsal mühitdə Azərbaycan dilinin mövqeyi ayrıca müzakirə mövzusu kimi yer alması çox yaxşı olar.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli komitənin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, son illər dərsliklərin məzmunu ilə bağlı müxtəlif müzakirələr aparılır, lakin çox vaxt bir vacib məqam - dilin anlaşıqlı olması, terminoloji uyğunluq və üslub problemi lazımi səviyyədə diqqətdə saxlanılmır:

“Dərsliklərdə ağır sintaksis, süni və ya qeyri-sabit terminlər, bəzən isə birbaşa tərcümə dili şagirdlərin mətni qavramasını çətinləşdirir. Bu, zənnimcə, təkcə dil məsələsi deyil, təhsilin keyfiyyəti məsələsidir.

Bu baxımdan təklif edirəm ki, komitənin iş planına “Ümumtəhsil dərsliklərinin dili və terminoloji uyğunluğu” mövzusunda ictimai dinləmənin keçirilməsi daxil edilsin. Bu dinləmədə dilçi alimlərin, müəllimlərin, dərslik müəlliflərinin, nəşriyyat nümayəndələrinin iştirakı ilə dərslik dili üçün minimum standartlar, terminoloji vahidliyin təmin olunması, dil ekspertizasının institusional mexanizmləri müzakirə oluna bilər”.

Deputat vurğulayıb ki, ikinci vacib məsələ Azərbaycan dilinin rəqəmsal mühitdə təmsilçiliyi, xüsusilə də elektron lüğətlər, terminoloji bazalar və dil texnologiyalarıdır:

“Hazırda Azərbaycan dilində mövcud olan onlayn lüğətlər və resurslar pərakəndə xarakter daşıyır, elmi və texniki terminologiya üzrə isə vahid, etibarlı və davamlı platforma mövcud deyil. Bu isə həm təhsil sistemində, həm də elm sahəsində və media mühitində ciddi boşluqlar yaradır.

Bu baxımdan, komitənin iş planına “Azərbaycan dilində rəqəmsal lüğətlər və dil texnologiyaları” mövzusunda elmi-pratik konfransın təşkil edilməsini məqsədəuyğun hesab edirəm.

Bu konfrans çərçivəsində vahid Milli Elektron Lüğət Platformasının yaradılması, açıq mənbə və API (Application Programming Interface – Tətbiq Proqramları İnterfeysi) əsaslı terminoloji bazaların formalaşdırılması, bu resursların məktəb, universitet və media sistemləri ilə inteqrasiyası kimi texniki və strateji məsələlər müzakirə edilə bilər”.

E.Mirzəbəyli qeyd edib ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin rəqəmsal suverenliyi məsələsi artıq nəzəri yox, real çağırışdır.

“Əgər bu gün biz öz dil korpuslarımızı, lüğət bazalarımızı və texnoloji alətlərimizi formalaşdırmasaq, bu gün olduğu kimi sabah da başqalarının formalaşdırdığı modellərlə işləmək və deməli, digər dillərə üz tutmaq məcburiyyətində qalacağıq.

Bu baxımdan üçüncü istiqamət kimi “Təhsildə Azərbaycan dili və süni intellekt: imkanlar və risklər” mövzusunda tematik müzakirənin də iş planına salınmasını məqsədəuyğun hesab edirəm”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti