Bakı. Trend:
Uşaqların şəxsi və ailə həyatının sirri qanunla qorunacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ olacaq. Qanunla nəzərdə tutulan hallardan başqa uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağan ediləcək. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ olacaq.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla uşaq izlənilə bilməyəcək, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməyəcək.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir.
Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən ediləcək.
Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.
