Bakı. Trend:
Müzakirəyə çıxarılan qanun layihəsi, pasiyentlərin seçim hüququnun genişləndirilməsinə imkan yaradan yanaşma olmaqla bərabər, ölkəmizdə onkoloji yardımın gələcək arxitekturasını dəyişdirən ciddi normativ addım kimi qəbul olunmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Onkoloji yardım haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki layihəyə onkoloji xəstələrin real vəziyyəti, səhiyyə sisteminin mövcud imkanları və sosial nəticələr prizmasından yanaşılması zəruridir:
“Onkoloji xəstələrinin sayının getdikcə daha da artdığını və dövlət təsisatlarının mövcud imkanlarını nəzərə alsaq, bu, məntiqli yanaşmadır. Lakin ola bilsin ki, gələcəkdə qanunvericilik, yaxud Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalar və ya əlaqəli qurumların izahat xarakterli açıqlamaları çərçivəsində bir sıra sullara aydınlıq gətirilməsinə ehtiyac var.
Azərbaycanın özəl tibb müəssisələri onkoloji xəstələri qəbul etməyə nə dərəcədə hazırdır?
Bu sahəyə özəl klinikalar tərəfindən xaricdən mütəxəssislər dəvət olunacağı istisna deyil. Onların sertifikasiyası necə aparılacaq? Bizim həkimlər xaricə gedərkən ciddi sertifikasiya prosesindən keçirlər. Amma xaricdən gələn həkimlər üçün Azərbaycanda eyni tələblər açıq şəkildə nəzərdə tutulmur. Öz ölkələrinin tibb sektorunda kimsənin tanımadığı həkimlər Azərbaycanda gurultulu adlarla reklam olunurlar. Bu məsələ öz həllini necə və nə zaman tapacaq?"
Deputat əlavə edib ki, Azərbaycanda onkoloji xəstəliklərlə bağlı ən böyük problem müalicədən əvvəl, vaxtında aşkarlanma və düzgün diaqnoz mərhələsində başlayır:
“Regionlarda tibbi xidmətlərin əlçatanlığı, əhalinin səhiyyə sisteminə etimadı, həssas sosial qrupların tibbi xidmətlərə çıxışı ciddi problem olaraq qalır”, - deyə E.Mirzəbəyli qeyd edib.
