Bakı. Trend:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən profilaktik tibbi müayinələr çərçivəsində ATU-nun Tədris Stomatoloji Klinikasının səyyar stomatoloji xidməti fəaliyyət göstərir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin koordinasiyası ilə həyata keçirilən səyyar xidmətlər 1, 2 və 3 saylı uşaq evlərində, Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində, Binəqədi rayonu Xocasən bələdiyyəsində, əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, həssas əhali qrupları üçün sığınacaq və reabilitasiya mərkəzlərində təşkil edilib.
Bu tədbirlər zamanı əhalinin ağız və diş sağlamlığı üzrə ilkin
müayinələr aparılıb, profilaktik tövsiyələr verilib və sağlam həyat
tərzinin təşviqi məqsədilə maarifləndirmə işləri həyata
keçirilib.
Səyyar xidmətlər nəticəsində 8 000-dən çox vətəndaş müayinədən
keçib, onlardan 300 nəfəri əlavə müalicə üçün klinikaya
yönləndirilib.
Layihənin icrasında ATU Tədris Stomatoloji Klinikasının rezidentləri və həkim heyəti fəal iştirak edərək əhali üçün stomatoloji xidmətlərin əlçatanlığını artırıb. Eyni zamanda bu proses gənc mütəxəssislərin praktik bilik və bacarıqlarının inkişafına da mühüm töhfə verib.
Səyyar stomatoloji xidmətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sağlamlığın qorunması və profilaktikanın gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsi olaraq həyata keçirilir. Tədbirlər ATU və aidiyyəti qurumların iştirakı ilə davam etdirilir və gələcəkdə ölkənin bütün bölgələrini əhatə etməsi nəzərdə tutulur.
