Bakı. Trend:
Qanuna “pitçinq” (“pitching”) anlayışının da əlavə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən maliyyələşən filmlərin satınalma proseduru ilə həyata keçirilməsi praktikada kino istehsalını inzibati tender predmetinə çevirir. Kino istehsalı satınalma deyil, yaradıcı seçim, müsabiqə – pitçinq predmetidir. Dövlət dəstəyi mexanizmi sürətli yaradıcı müsabiqə əsasında qurulmalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili həmçinin bildirib ki, qanuna müasir dövrün tələblərini nəzərə alaraq “audiovizual məhsul” anlayışının da əlavə edilməsinə ehtiyac var:
“Kinomatoqrafiya anlayışının çərçivəsinə daxil olan məhsullar təkcə kinofilmlərdən ibarət deyil, serial, animasiya, platforma məzmunu, sənədli ekran əsərləri də bu sahəyə aid edilir. Sahənin inkişafı üçün audiovizual məhsul anlayışının da qanunvericilikdə yer almasının zəruridir”.
E.Mirzəbəyli vurğulayıb ki, hazırda qüvvədə olan qanunvericilikdə yer alan “debüt filmlər” anlayışının da beynəlxalq praktikaya uyğunlaşmasının zəruridir:
“Mövcud qanunvericilikdə “debüt filmlər — kinematoqrafiya sahəsində peşəkar yaradıcı işçinin ilk yaradıcılıq işi” kimi şərh olunur. Beynəlxalq praktikada isə “debüt filmlər” ilk iki işi əhatə edir”.
Deputat əlavə edib ki, inkişaf etmiş kino bazarlarında əsas yük özəl sektorun üzərindədir.
“Dövlət və özəl sektor münasibətləri, sponsor və investorların rolu, alternativ maliyyə mənbələrinin inkişafı da qanunda prioritet kimi göstərilməlidir”, - deyə o fikrini tamamlayıb.
