...

"KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA SƏNƏDLƏR TOPLUSU"NUN TƏQDİMATI KEÇİRİLİB

Cəmiyyət Materials 5 Avqust 2005 14:10 (UTC +04:00)

Avqustun 5-də BMM-də "Korrupsiyaya qarşı mübarizə haqqında sənədlər toplusu" adlı kitabın təqdimat mərasimi keçirlib. Təqdimat mərasimini Azərbaycan Hüquqşünaslar Birliyinin sədri və kitabın redaktoru Nadir Adilov jurnalistlərin nəzərinə çatdırıb ki, kitabın Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın köməkliyi və Amerika Hüquqşünaslar Assosiasiyasının maliyyə dəstəyi ilə onun sədri olduğu təşkilat tərəfindən ərsəyə gəlib.

Kitabda müxtəlif qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar öz əksini tapıb. Bununla yanaşı korrursiya probleminin daha aydın anlaşılması məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin Hərbi və izibati qanunvericilik şöbəsinin böyük məsləhətçisi Eldar Əsgərov tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa mülahizə yazılıb və qanun müxtəlif beynəlxalq sənədlərlə müqayisəli şəkildə öyrənilib.

Təqdimat mərasimində kitabın məsləhətçisi, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynovla Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İnam Kərimov da iştirak edib.

Əli Hüseynov çıxış edərək kitabın mahiyyəti barədə məlumat verib və qeyd olunan kitabın hüquq-mühafizə orqanlarının əməkdaşları, QHT-lər, hüquqşünaslar və digər maraqlanan şəxslər üçün nəzərdə tutulduğunu qeyd edib. Ə.Hüseynovun sözlərinə görə, bu kitab cəmiyyətdə maarifləndirmə işinin sürətləndirilməsinə yaxından köməklik göstərəcək.

Xəbər lenti

Xəbər lenti