...

BAKIDA HÜQUQŞÜNASLARIN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 6 Sentyabr 2005 13:01 (UTC +04:00)

Mərkəzi qərargahı Brüsseldə yerləşən Gənc Hüquqşünasların Beynəlxalq Assosiasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi sentyabrın 9-dan 12-dək Bakıda "Gənc Hüquqşünasların Birinci Beynəlxalq Bakı konfransı" keçirəcək.

Bu barədə Trend ə Gənc Hüquqşünaslar Birliyindən məlumat verilib. Beynəlxalq Bakı konfransı ATƏT-in Azərbaycandakı nümayəndəliyinin, Gənclər İdman və Turizm Nazirliyinin və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə keçiriləcək. Konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasların bir araya gələrək müəyyən peşə problemlərini, perspektivləri, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir.

Beynəlxalq konfransda Gənc Hüquqşünasların Beynəlxalq Assosiasiyasının fəaliyyətdə olan prezidenti Frans Duijnsite və növbəti ildə Assosasiyaya prezidentlik edəcək xanım Nikol Van Rast da iştirak edəcəklər. Tədbirdə xarici qonaqlarla yanaşı, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilovun da məruzəsi dinləniləcək. O, Azərbaycanın hüquqi perspektivləri və problemləri barədə danışacaq, qloballaşan dünyaya bu təşkilatın inteqrasiyası və bu sahədəki fəaliyyətləri barədə məlumat verəcək.

Beynəlxalq Bakı konfransının işinə ABŞ, Belçika, Braziliya, İtaliya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Türkiyə, Niderland və digər ölkələrdən olan hüquqşünaslar qatılacaqlar. Açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə direktoru Liin Şferaza və digər şəxslər çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti