...

Ramil Səfərovla bağlı məhkəməyə sədrlik edən hakimə etiraz oluna bilər

Cəmiyyət Materials 23 Dekabr 2005 16:04 (UTC +04:00)

Budapeştdə həbsdə olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun məhkəməsinə sədrlik edən hakimə etiraz oluna bilər. Trend məlumat verir ki, bu barədə dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən vəkil Adil İsmayılov məlumat verib.

Vəkil dekabrın 15-də Ramil Səfərovun işi üzrə keçirilmiş növbəti məhkəmə prosesi ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, Ramil Səfərovla bağlı üçüncü ekpertiza rəyində onun erməni zabiti Qurgen Markaryanı öldürərkən tam anlaqsız olduğu göstərilib. Lakin hakim həmin rəyi qəbul etməyib.

A.İsmayılov: "Ekspertlərin ötən dəfə məhkəməyə təqdim etdiyi ikinci rəydə hadisə baş verəkən Ramilin orta anlaqsız vəziyyətdə olduğu qeyd olunurdu. Bu dəfə hakim ekspertdən həmin rəylər arasındakı ziddiyyətlərin səbəblərini izah etməyi tələb etdi. Ekspert də məhkəməyə izah etdi ki, əvvəlki rəylərdə Ramil Səfərova verilmiş tərcüməçi rusdilli olub. Bu səbəbdən də Ramil hər şeyi təfərrüatı ilə başa sala bilməyib. Sonuncu ekspertiza zamanı isə müəyyən edilib ki, Ramil Səfərov qətli tam anlaqsız vəziyyətdə, beynində qısaqapanma baş verməsi nəticəsində törədib. Yəni müharibə vaxtı keçirdiyi sarsıntılar, stresslər onun hadisəni törətməyində əsas səbəb olub".

Vəkil onu da qeyd edbi ki, hakim məhkəmədə açıq şəkildə birtərəflilik nümayiş etdirib. Belə ki, Ramil Səfərovun məsuliyyətini yüngülləşdirən ekspert rəyi hakimin xoşuna gəlməyib. Bu səbəbdən də o, açıq şəkildə ekspertə təzyiq göstərməkdən çəkinməyib. "Hakim eksperti tez-tez hədələyirdi ki, əgər ekspertiza rəyi saxta çıxsa, cinayət məsuliyyətinə cəlb olunacaq. Tez-tez ekspertin sözünü kəsirdi, ona danışmağa imkan vermirdi", - deyə vəkil söyləyib.

A.İsmayılovun sözlərinə görə, hakimin hərəkətlərinin qərəzli olmasının əyani sübutu üçüncü ekspertiza rəyini də qəbul etməməsi olub. "Macar qanunlarına görə, məhkəmə ekspertizası üç dəfə keçirilə bilər. Lakin hakim üçüncü ekspertizanı da qəbul etmədi. Beləliklə də növbəti dəfə elan etdi ki, üçüncü ekspertiza təyin olunur. Halbuki, bu, artıq üçüncü yox, dördüncü ekspertiza hesab olunmalıdır".

Yaxın günlərdə R.Səfərovun vəkilləri bu hərəkətləri ilə qarşı tərəfin mövqeyini müdafiə edən hakimə etiraz etmək barədə qərar qəbul edəcəklər.

Vəkil bildirib ki, yanvarın 17-də R.Səfərovun daha bir məhkəməsi keçiriləcək. "19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramilin kamerasına gələrək ondan telefon kartını verməsini tələb ediblər. Ramil onların dilini bilmədiyi üçün təbii ki, nə tələb etdiklərini də başa düşməyib. Nəticədə 8 nəzarətçi onun əl-qolunu bağlayaraq fiziki zor tətbiq ediblər. Əvvəlcə Ramil onların hərəkətindən şikayət edib. Sonra isə onlar qarşılıqlı şikayət veriblər. Ramilin şikayəti ilə bağlı cinayət işinə beş dəfə xitam verilib. Ramilə qarşı şikayətlə bağlı isə istintaq başa çatdırılıb və iş məhkəmə baxışına göndərilib", - deyə A.İsmayılov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti