...

Səhiyyə nazirliyi "quş qripi"nin Azərbaycana keçməsinin qarşısının alınması ilə bağlı işlər aparır

Cəmiyyət Materials 11 Yanvar 2006 17:38 (UTC +04:00)

Azərbaycanın Səhiyyə nazirliyi "quş qripi" virusunun ölkəyə keçməsinin qarşısının alınması ilə bağlı işlər aparır. Nazirliyin mətbuat xidmətində Trend ə bildirilib ki, bu məqsədlə qonşu ölkələrdən, xüsusilə Türkiyə və İrandan Azərbaycan ərazisinə daxil olan avtomobillər müvafiq nəzarətdən keçir, yerlərdə bütün nəqliyyat vasitələrinin dezinfeksiyası aparılır.

Nazirlikdə qeyd olunub ki, hazırda sərhəd buraxılış məntəqələrində tibb mütəxəssisləri çalışır, onların əsas tapşırıqlarından biri nəqliyyat vasitələrində olan sərnişinlərin müşahidə edilməsidir.

"Belə ki, bu xəstəliyin ürək bulanma, başgicəllənmə kimi bəzi əlamətlərini tez müəyyən etmək olur, bu əlamətlərin müşahidə olunduğu şəxslər təcili olaraq Səhiyyə nazirliyinin mütəxəssisləri tərəfindən müayinə olunur" -deyə dövlət strukturunda qeyd olunub.

Nazirlikdə həm də qeyd olunub ki, 2005-ci ilin oktyabrından Türkiyə və İrandan quş məhsullarının gətirilməsinə qadağa qoyulub.

Bundan başqa, Səhiyyə Nazirliyinin nümayəndələri Dövlət Baytarlıq Xidməti, ekologiya və təbii sərvətlər nazirliyi, Azərbaycanın Ovçular Birliyi ilə birgə ölkədə bu virusun müəyyən edilməsi məqsədilə monitorinq keçirilməsi üzrə yaradılmış Xüsusi Komissiyanın tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti