Azərbaycanın parlament nümayəndə heyəti Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi rayonlarının tibb müəssisələrinə 2 "təcili yardım" maşını hədiyyə edəcək. Maşınları Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərovun başçılığı ilə Gürcüstanda işgüzar səfərdə olan nümayəndə heyəti hədiyyə edəcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.
Bu axşam Marneulidə parlament nümayəndə heyətinin həmin rayonlarda yaşayan azərbaycanlılarla görüşü keçiriləcək və onların problemləri dinləniləcək. Fevralın 9-da Azərbaycanın parlament nümayəndə heyəti Tiflisdəki Azərbaycan icmasının nümayəndələri ilə görüşməyi planlaşdırır. Görüş Azərbaycanın görkəmli dramaturqu M.F.Axundovun ev muzeyində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan parlamentariləri Corc Marşal Mərkəzi və Gürcüstan parlamentinin birgə təşkil etdiyi "Əməkdaşlıq üzrə islahatlar və strategiyalar" mövzusunda keçirilən konfransda iştirak etmək məqsədilə bu ölkədədir.