...

Azay Quliyev: Ramil Səfərovun müdafiəsi ilə bağlı Azərbaycanda kütləvi aksiyaların keçirilməsi o qədər də faydalı olmayacaq

Cəmiyyət Materials 26 Aprel 2006 18:15 (UTC +04:00)
Azay Quliyev: Ramil Səfərovun müdafiəsi ilə bağlı Azərbaycanda kütləvi aksiyaların keçirilməsi o qədər də faydalı olmayacaq

"Ramil Səfərovun müdafiəsi ilə bağlı Azərbaycanda kütləvi aksiyaların keçirilməsi o qədər də səmərəli olmayacaq". Trend in məlumatına görə, bu fikirləri Ramil Səfərovun hüquqlarını müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev bildirib.

O, qeyd edib ki, Budapeşt şəhər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərovun müdafiəsi məqsədilə yaradılmış qurumlar fəaliyyətini dayandırmayıb. A.Quliyevin sözlərinə görə, Koordinasiya Şurasının hazırda əsas məqsədi Apellyasiya Məhkəməsində müdafiəsini yüksək səviyyədə təşkil etməkdir. Onun sözlərinə görə, Koordinasiya Şurasının tərkibində müəyyən dəyişikliklər də olacaq.

Budapeşt şəhər məhkəməsinin ədalətsiz qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilməsinə gəldikdə, A.Quliyev bildirib ki, bu müraciət Macarıstanda bütün məhkəmə instansiyalarını keçdikdən sonra edilə bilər. Zabitimizin müdafiəsi məqsədilə ölkə daxilində kütləvi etiraz aksiyaların keçirilməsinə gəldikdə, millət vəkili deyib ki, bu tədbirlərin davamlı şəkildə keçirilməsinə ehtiyac yoxdur. "Biz bu aksiyaları Macarıstanda keçirməliyik. Düşünmürəm ki, Azərbaycanda belə etiraz tədbirlərinin hər hansı effekti ola bilər. Biz diqqəti daha çox hüquqi müstəvidə görülən işlərə yönəltməliyik. Apellyasiya Məhkəməsində ədalətsiz qərarın ləğvinə nail olmalıyıq. Əgər buna nail olmasaq buradakı tədbirlərimizin faydası da yoxdur. Bütün internet imkanlarından istifadə edərək Avropa Məhkəməsinə, beynəlxalq təşkilatlara müraciətlər edilə bilər" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti