...

Azərbaycanda ötən il 484 KİV rəsmi qeydiyyata alınıb

Cəmiyyət Materials 28 Aprel 2006 12:55 (UTC +04:00)

Keçən il ölkədə 484 kütləvi informasiya vasitəsi (KİV) rəsmi surətdə qeydiyyata alınıb. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Qeydiyyatdan keçən KİI-lərin 396-sı qəzet, 88-i jurnal və məcmuədir. 8 təsisçi isə onlara məxsus nəşrlərin dövlət reyestrindən çıxarılması üçün nazirliyə müraciət ünvanlayıb. Nəşrlərin təsisçilərindən 348-i kişilər, 62-i qadınlar, 74-ü isə müxtəlif qurumlar və təşkilatlardır.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib ki, ümumi siyahıda diqqəti çəkən cəhətlərdən biri qeydə alınan kütləvi informasiya vasitələrinin coğrafiyasının genişlənməsidir. Bura paytaxtdan əlavə 27 şəhər və bölgə daxildir. Həmin nəşrlərin ən çoxu - 15-i Gəncənin, 8-i Sumqayıtın, 5-i Naxçıvan və Mingəçevirin, 4-ü Abşeronun, 3-ü İmişlinin, 2-i Saatlı, Şəmkir, Biləsuvar və Cəlilabadın payına düşür. Daha 17 bölgənin hər birindən 1 qəzet qeydə alınıb.

Rəsmi müraciətlərdə 466 KİI-in Azərbaycan, 14-nün rus, 4-nün ingilis dillərində çıxacağı, 49-nun gündəlik, 232-nin həftəlik, 145-nin aylıq, 33-nün ayda 2, 21-nin ildə 4, 2-nin ildə 7 dəfə, 1-nin ildə 2 dəfə nəşr olunacağı göstərilir.

Titrlərdə yazılanlara əsaslansaq həmin qəzet, jurnal və məcmuələrin tematikasına görə belə qruplaşdırmaq olar : ictimai-siyasi 147, hüquqi 68, informasiya 41, reklam-biznes 39, elmi-texniki və nəzəri 38, iqtisadiyyat və sosial həyat 30, uşaqlar, yeniyetmə və gənclər 29, pedaqogika və maarif 18, ədəbi-publisistik 16, idman 10, qadınlar , ekologiya və turizm 8 mətbu orqan.

Xəbər lenti

Xəbər lenti