...

BŞBPİ rəisi bir sıra cinayətlərin üstünün açılmamasından narazılığını bildirib

Cəmiyyət Materials 21 İyul 2006 18:17 (UTC +04:00)

İyulun 21-də Bakı şəhər Baş Polis İdarəsində altı ayın yekunlarına həsr olunmuş müşavirədə idarə rəisi Məhərrəm Əliyev bir sıra cinayətlərin üstünün açılmamasından narazılığını bildirib. Trend in məlumatına görə, M.Əliyev həmçinin paytaxt polisinin, xüsusilə qeydiyyat şöbəsində çalışanların fəaliyyətində baş verən qanun pozuntularından da gileylənib.

BŞBPİ rəisi bildirib ki, Xətai, Səbayel və Binəqədi rayon polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin rəisləri məhz buna görə cəzalandırılıblar.

Muşavirədə çıxış edən BŞBPİ rəis müavini Yaşar Əliyev isə ötən altı ayı ərzində Bakı şəhəri ərazisində törədilmiş cinayət hallarının statistikası barədə məlumat verib. O bildirib ki, qeyd olunan müddət ərzində 4023 cinayət, o cümlədən 433 ağır və xüsusilə ağır cinayətlər qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin 19,5 və 29,3 faiz artımı müşahidə edilib. Y.Əliyev bildirib ki, quldurluq cinayətlərinin sayı 62-dən 57-yə enib, qəsdən adamöldurmə faktları isə 32-dən 33-dək artıb.

Bu dövr ərzində qrup halında cinayətlər törətmiş 100-dək dəstə zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti