...

Ahıska türklərinin "Vətən" cəmiyyətinin sədri Gürcüstan parlamentində görüş keçirib

Cəmiyyət Materials 13 Sentyabr 2006 15:07 (UTC +04:00)

Ahıska türklərinin Azərbaycandakı "Vətən" cəmiyyətinin sədri İbrahim Burxanov Gürcüstan parlamentində və türklərin Gürcüstana qaytarılması üzrə komitədə görüş keçirib. Bu barədə Trend ə İbrahim Burxanov bildirib.

İ.Burxanov deyib ki, Gürcüstana səfər etməkdə məqsədləri "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanan qanun layihəsi ilə tanış olmaq olub. Qeyd edək ki, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də torpağından deportasiya olunan Ahıska türklərinin 2010-cu ilədək vətənə repartriasiya olunmasını təmin etməkdir. Bununla bağlı "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanan qanun layihəsi Avropa Şurasında dörd dəfə müzakirə olunduqdan sonra Gürcüstana qaytarılıb. Sənəd oktyabrda Gürcüstan parlamentində müzakirə olunacaq.

İ.Burxanov bildirib ki, sözügedən sənəd onları tam qane etməsə də qəbulediləndir: "Sənəd Azərbaycan MEA İnsan Haqları İnstitutunda yenidən müzakirə olunacaq. Təkliflərimizi Gürcüstan tərəfinə təqdim edəcəyik".

İ.Burxanov onu da bildirib ki, onlar türklərin Gürcüstana qaytarılması işi ilə bağlı yaradılan komitənin sədr əvəzi Teymuraz Lomsadze ilə görüşüb: "Sənədi birlikdə müzakirə etdikdən sonra Gürcüstan parlamentində olduq. Parlament sədrinin birinci müavini Mixail Maçavariani sənəddə demokratik prinsiplər və insan haqlarının qorunacağını bildirib. Qeyd edib ki, sentyabrın sonu oktyabrın əvvəllərində sənəd parlamentin müzakirəsinə veriləcək".

Xatırladaq ki, Ahıska türklərinin "Vətən" cəmiyyətinin 70 minə yaxın üzvü var. Cəmiyyət Azərbaycanda ilk fəaliyyətini gizli olaraq 1968-ci ildə göstərib. 1993-cü ildə isə rəsmi olaraq dövlət qeydiyyatından keçdikdən sonra açıq fəaliyyətdədir.

Xəbər lenti

Xəbər lenti