...

ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti Azərbaycana gələcək

Cəmiyyət Materials 29 Sentyabr 2006 19:51 (UTC +04:00)

Oktyabrın 8-də ATƏT-in söz azadlığı üzrə komissarı Mikloş Haraşti Azərbaycana səfərə gələcək. Bu barədə Trend ə "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumat verib.

ATƏT-in Bakı ofisinin xətti ilə səfərə gələn N.Haraşti prezident İlham Əliyevlə görüşmək niyyətindədir. A.Əliyevin sözlərinə görə, ATƏT komissarının səfəri əsas iki məsələ ilə bağlıdır. O, həm dövlət başçısı və digər rəsmi şəxslərlə görüşməyi, həm də "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı beynəlxalq konfransda iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, "Yeni Nəsil" Jurnalistlər Birliyinin təşəbbüsü, ATƏT-in Bakı ofisinin dəstəyi ilə "Diffamasiya haqqında" qanun layihəsi hazırlanır. "Yeni Nəsil" və ATƏT-in Bakı ofisinin birgə təşkilatçılığı ilə "Diffamasiya haqqında" qanun layihəsinin ictimai müzakirəsini təşkil etmək məqsədilə oktyabrın 10-da Bakıda beynəlxalq konfrans keçirəcək. Həmin konfransda M.Haraşti də iştirak edəcək.

Arif Əliyev bildirib ki, sözügedən layihə, demək olar ki, hazırdır və Azərbaycanda ekspertlər tərəfindən baxılır. Layihəni hazırlayan işçi qrupuna hüquqşünaslar, millət vəkilləri, jurnalist təşkilatı rəhbərləri daxildir. A.Əliyev qeyd edib ki, layihə eyni zamanda ATƏT-in beynəlxalq ekspertlərinin baxışındadır. ATƏT-in ekspertizasının rəyi təxminən oktyabrın 5-də Azərbaycana təqdim olunacaq. Sonra isə qanun layihəsinin təkmilləşdirilməsi işi davam edəcək: "Oktyabrın 10-da Bakıda qanun layihəsinin ictimai müzakirəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Konfransda Prezident Aparatının, Milli Məclisin, ATƏT-in, Avropa Şurasının Azərbaycandakı nümayəndələri, KİV-lərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər. Qanun layihəsi ilə bağlı təklif və tövsiyələr irəli sürüləcək, qanunun hansı formada hazırlanması, nələrin dazil edilməsi barədə müzakirə aparılacaq. Əlavə və dəyişiklikdən sonra layihənin yekun variantı Milli Məclisə, yaxud Prezident Aparatına təqdlim olunacaq"-deyə A.Əliyev
bildirib.

Oktyabrın 2-də isə Varşavada ATƏT-in işçi toplantısı olacaq. Orada "Diffamasiya haqqında" qanun layihəsi üzrə işçi qrupunun üzvü Yadigar Məmmədli də iştirak edəcək. Y.Məmmədli qanun layihəsinin hazırlanması, hazırkı mərhələsi barədə məruzə edəcək.

Xəbər lenti

Xəbər lenti