...

Hacı Məmmədovun məhkəməsində Gəncənin hərbi prokuroru dindirilərkən hakim iclası qapalı elan edib

Cəmiyyət Materials 8 Noyabr 2006 13:48 (UTC +04:00)

Noyabrın 8-də Hacı Məmmədov məhkəməsində Gəncənin hərbi prokuroru Namiq Muradov dindirilərkən hakim iclası qapalı elan edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Hakim bu barədə qərarını belə əsaslandırıb ki, Namiq Muradovun ifadəsinin əsas hissəsini DİN Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş şöbə rəisi Azər İsmayılovla bağlı epizod təşkil edir. Bu epizodla əlaqədar bütün ifadələr qapalı şəraitdə alınır. Səbəb A.İsmayılovun qadınlarla münasibətləri və bu zəmində öldürülməsi barədə olan məlumatlarla əlaqədardır.

Açıq məhkəmə iclasında isə əvvəlcə Xızı rayon Polis Şöbəsinin əməkdaşı Mehman Məmmədov şahid qismində dindirilib. O ifadəsində qeyd edib ki, şöbəyə 1995-ci ildə Xızının Başlı kəndindəki dərədə meyit olması barədə məlumat daxil olandan sonra polis işçiləri həmin əraziyə gəliblər. "Əraziyə baxış keçirsək də, meyiti tapa bilmədik, başa düşdük ki, biz əraziyə gələnə qədər meyiti oradan götürüblər. Çox yəqin ki, bizim ora gəlişimiz barədə artıq kimlərə isə məlumat verilmişdi. Hadisənin sonrası barədə məlumatım yoxdur. Belə məlumatlar yalnız şöbənin rəhbərliyində olurdu" - deyə şahid bildirib.

Sonra Qaradağ rayon Polis İdarəsinin Baş Cinayət Axtarış Şöbəsinin əməkdaşı Aydın İbrahimov dindirilib. O qeyd edib ki, şöbəyə Qurd qapısı deyilən ərazidə üç meyit olması barədə məlumat daxil olandan sonra əməliyyat qrupunun tərkibində hadisə yerinə gedib. Hadisə yerində aşmış şəkildə "Linkoyl" və üç meyit aşkar edilib. Digərləri kimi onda da ilkin baxışda avtoqəza təəsüratı yaranıb. "Materialları toplayıb Qaradağ rayon Prokurorluğuna təqdim etdik. Sonrası barədə məlumatım yoxdur" - deyə şahid bildirib.

Qeyd edək ki, bu hadisə avtoqəza kimi qeydə alınsa da, əslində mərhumlar Hacı Məmmədovun bandanın çeçen üzvləri Boris Ayyubov, Şirxan Albiyev və Dilbər adlı qadın olub. Onlar Hacı Məmmədov tərəfindən qətlə yetiriləndən sonra maşına qoyularaq Qurd qapısına gətirilib və avtoqəza təəsüratı yaratmaq məqsədilə maşın hündürlükdən dərəyə aşırdılıb.

Məhkəmə iclası şahid ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti