İlin sonunadək Bakıda 200 yerlik 1 yeni məktəb, 6 məktəbdə isə 2700 yerlik əlavə korpuslar istifadəyə veriləcək. Trend in xəbərinə görə, bu barədə noyabrın 16-da Bakı şəhəri üzrə Təhsil İdarəsində keçirilmiş mətbuat konfransında idarənin müdir müavini Məhərrəm Bayramov məlumat verib.
"2006-cı ildə Bakıda 2366 yerlik 3 məktəb, 19 məktəbdə 5820 yerlik əlavə korpus istifadəyə verilib. İlin sonunadək 200 yerlik 1 məktəb, 6 məktəbdə 2700 yerlik əlavə korpuslar istifadəyə veriləcək" - deyə o qeyd edib.
Mudir müavini həmçinin qeyd edib ki, 2006-cı ildə tikintisinə başlanan 15940 yerlik 16 məktəb, 10 məktəbdə isə 7240 yerlik əlavə korpus, 1010 yerlik 8 uşaq bağçası 2007-ci ildə təhvil veriləcək. Cari ildə 18 məktəbin, 10 uşaq bağçasının və 1 məktəbdənkənar müəssisənin əsaslı təmiri başa çatdırılıb. 2006-cı ildə təmirinə başlanan 8 məktəbdə, 1 uşaq evində və 2 məktəbdənkənar müəssisədə təmir işləri də bu ilin sonunadək başa çatdırılacaq. Eyni zamanda Bakı şəhərində Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə 5876 yerlik 5 məktəbin tikintisi aparılır və 2007-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
"Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəblər" Proqramı çərçivəsində Bakı şəhərində 1 məktəb binasının, 8 məktəbdə 1820 yerlik əlavə korpusun inşası, 14 məktəbin əsaslı təmiri aparılır. 122 nömrəli məktəbin binası istifadəyə verilib" - deyə M.Bayramov bildirib.