...

Surət Hüseynovun sürücüsü şərti cəzalandırılaraq məhkəmə zalından azadlığa buraxılıb

Cəmiyyət Materials 6 Fevral 2007 17:56 (UTC +04:00)

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə 1994-95-ci illərdə sabiq baş nazir Surət Hüseynovun dəstəsində fəaliyyət göstərmiş və həmin illər ərzində ölkədə kütləvi ixtişaşlarda iştirak etmiş Elçin Babayevin məhkəməsi başa çatıb.

Cinayət Məcəlləsinin 279.1-ci (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında vuə fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatlarla təchiz etmə) maddəsi ilə ittiham olunan Elçin Babayevə Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilərək 3 il müddətinə şərti cəzaya məhkum olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Elçin Babayev Gəncə şəhəri yaxınlığındakı "Üçtəpə" yaşayış sahəsində yerləşən bağ evində həmin vaxt baş nazir vəzifəsində işləyən Surət Hüseynovun və sonuncunun qohumu Kəramət Kərimovun, o cümlədən digərlərinin rəhbərliyi altında "Nicat" şəhid ailələrinin müdafiəsi komitəsi adı altında silahlı birləşmənin yaradılmasında iştirak edib. Silahlı birləşmənin tərkib hissəsini ordu sıralarını özbaşına tərk edən hərbçilər təşkil edib. Bu qanunsuz silahlı birləşmədə xidmət edənlərə yüksək məbləğdə pul verilib.

Surət Hüseynov, Kəramət Kərimov və digərlərinin rəhbərliyi altında 4 oktyabr 1994-cü ildə hakimiyyəti ələ keçirmək üçün düzəldilmiş sui-qəsdin qarşısı dövlət qoşunları tərəfindən alınıb. Həmin vaxt Elçin Babayev "Nicat" komitəsinin yerləşdiyi bağ evini mühafizə edərkən hökumət qoşunlarına gücü çatmayaraq özündə olan silahlarla qaçıb gizlənib.

Uzun müddət istintaq orqanından yayınaraq gizli şəraitdə yaşayan Elçin Babayev 4 oktyabr 2006-cı il tarixdə Gəncə şəhəri Kəpəz raüyon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs oulnaraq istintaqa təhvil verilib və məhkəmə qarşısına çıxarılıb.

Xəbər lenti

Xəbər lenti