...

"Barmek"in işi üzrə məhkəmə martın 19-da keçiriləcək

Cəmiyyət Materials 9 Mart 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi ilə"Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin daha 7 əməkdaşı barəsindəki cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.

Şirkətin prezidenti Hüseyn Arabula Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. Müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmayıb, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib.

İstintaq həmçinin müəyyən edib ki, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul vəsaitlərinin saxta maliyyə-mühasibat sənədləri tərtib olunmaqla, əməliyyat və texniki idarəetmə, məsləhət xidmətləri xərcləri adı ilə, investisiya qoyuluşu üzrə hesabatlarda təhrif edilmiş rəqəmlər göstərilməklə, köhnə avadanlıqların yeni avadanlıq kimi quraşdırılması, görülmüş iş həcmlərinin və ya alınmış avadanlıqlarının dəyərinin şişirdilməsi üsulları ilə 9 milyon 143 min 940 AZN dəyərində özgə əmlakı mənimsəmə və ya israf etmə yolu ilə talan edilib. "Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs və digər qəti imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti