Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Yasamal rayon məhkəməsində Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclası keçirilib. Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, cavabdehin vəkili İsaxan Aşurov Çaladzenin adına Xocalı sakinləri adından çıxış etmək üçün etibarnamənin verilmədiyini, həmçinin xüsusi ittiham qaydasında cinayət işinin açılması üçün sübut olmadığını əsas gətirərək işə xitam verilməsini məhkəmədən xahiş edib. Vəsatətin müzakirəsi və müvafiq qərarın qəbul olunması aprelin 11-ə təxirə salınıb.
İddiaçı Fətullayevin Xocalı hadislərilə bağlı söylədiyi fikirlər və məqalələrlə xocalıların təhqir olunduğunu əsas gətirərək baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Yasamal rayon məhkəməsi Tatyana Çaladzenin şərəf, ləyaqət və işgüzar nüfuza xələl vurma iddiası üzrə Fətullayevin və onun sahibi olduğu qəzetlərin 20 min manat cərimələnməsi barədə qətnamə çıxarıb.