Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş Dəyanət Kərimov Qaradağ rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Məhkumun vəkili Elman Osmanov bazar ertəsi Trend ə bildirib ki, apellyasiya şikayətində Kərimovun işinə yenidən baxılması və Qaradağ rayon məhkəməsinin qərarının ləğvi xahiş olunur. Vəkilin sözlərinə görə Qaradağ rayon məhkəməsinə verilən müraciətdə məhkumun cəzasının 15 ilə endirilməsi tələb olunsa da, hakim Rəşadət Ağayev şikayəti araşdırmadan işi baxılmamış saxlayıb. Hakim bu qərarını Kərimov barəsində çıxarılan hökmdə təqsirləndirilən şəxsin qoyduğu problemin tam həllini tapması ilə izah edib. Osmanov bildirib ki, Krijanovski barəsində Azərbaycan Ali Məhkəməsinin çıxardığı hökm Rusiyanın Ali Məhkəməsi tərəfindən dəyişdirilərək onun ömürlük azadlıqdan məhrumetmə cəzası 15 illə əvəzlənib: "Rusiya Ali Məhkəməsini qərarında qeyd olunub ki, bu qəbildən olan işlərə yenidən baxılmalı və həmin məhkumların cəzası 15 illə əvəzlənməlidir. Azərbaycanda ölüm cəzası ləğv olunarkən cinayət qanunvericiliyində ən ağır cəza 15 il azadlıqdan məhrumetmə olub. Ömürlük azadlıqdan məhrumetmə cəzası sonradan cəzalar sisteminə daxil edilib. Şəxsin vəziyyətini ağırlaşdıran hallarda qanunun geriyə qüvvəsinə qanun yol vermir. Bu səbəbdən də Kərimovun cəzası 15 ilə endirilməlidir".
Apellyasiya şikayətinin məhkəməyə göndərildiyini deyən vəkil şikayətə 15 gün müddətində baxılacağını bildirib.