Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2008-ci il Almaniyada rəsmən "Azərbaycan ili" elan olunub. Bu barədə Bakıda səfərdə olan Almaniyadakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri Başar Kömür cümə axşamı açıqlama verib.
Almaniya Federativ Respublikası Maynz şəhər Bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfərdə Kömür almaniyalı qonaqları müşayiət edib, Azərbaycanın bir sıra bölgələrində olublar.
Kömür bildirib ki, 2008-də Almaniyada "Azərbaycan ili" çərçivəsində böyük tədbirlər keçirilməsi planlaşdırılır: "Almaniya dövləti 2008-ci ili bu ölkədə "Azərbaycan ili" elan edib. Azərbaycan dövlət başçısı İlham Əliyevin fevralda Almaniyaya səfəri zamanı bu barədə razılıq əldə olunmuşdu. Qardaşlaşmış şəhərlər olan Almaniyanın Maynz şəhəri ilə Bakı arasında dostluq əlaqələri 1991-ci ildə donduruldu, sonradan 1996-cı ildən bəri biz bu münasibətləri bərpa etməyə çalışırıq".
Kömür bildirib ki, Almaniyanın hakim Sosial Demokrat Partiyası sədrinin ehtiram məktubunu Azərbaycanın dövlət başçısına çatdırıb: "Koalisiya hökumətinin mövcud olduğu Almaniyada baş kansler xanım Angela Merkellə bərabər statusda olan Sosial Demokrat Partiyasının sədri bizi - Azərbaycan diasporunu dəstəkləyir. Biz diaspor nümayəndələri isə Azərbaycanla Almaniya arasında bütün sahələrdə qarşılıqlı əlaqələr qurulmasını istəyirik" - deyə Kömür bildirib.
Kömür onu da deyib ki, hazırda Almaniyada Azərbaycanın təbliği ilə bağlı "Bizi evimizdə tanıyın" adlı kampaniya aparılır.Bu kampaniya çərçivəsində müxtəlif mədəni tədbirlər keçirilməsi nəzərdə tutulur.