...

Qobustan həbsxanasında 20 "ömürlük" aclığı davam etdirir

Cəmiyyət Materials 2 İyul 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş məhkumlar aclığı davam etdirir. Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov bazar ertəsi Trend ə bildirib ki, hazırda 20 məhkum aksiyanı davam etdirir. Ramazanov onların səhhəti ilə bağlı problem olmadığını və həkim nəzarətində saxlanıldıqlarını bildirib.

Məhkumların qohumları Qobustanda 50-dən artıq ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumun aclıq etdiyini, aksiyanın isə iyunun 18-dən başladığını deyiblər.

Penitensiar Xidmətdən isə 38 məhkumun iyunun 20-dən aksiyaya başladığı bildirilib. Həmçinin qeyd olunub ki, aclıq edən məhkumlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar da var. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti