...

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Almaniyaya səfər edəcək

Cəmiyyət Materials 3 İyul 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu ay Almaniyada səfərdə olacaq. Bu barədə İbrahimov çərşənbə axşamı jurnalistlərə açıqlamasında məlumat verib.

O, Dünya Azərbaycanlıları Konqersinin (DAK) Kölndə keçiriləcək qurultayında iştirak edəcək. İbrahimov qeyd edib ki, Komitə yarandığı ilk vaxtlardan DAK-ın qurultaylarında təmsil olunub, bu quruma öz yardımını göstərib.

"İlk gündən bizim siyasətimiz odur ki, Azərbaycan uğrunda fəaliyyət göstərən hər bir azərbaycanlının yanındayıq, onları müdafiə etməyə hazırıq. İstəyimiz odur ki, onların fəaliyyəti Azərbaycanın adına, imicinə ziyan gətirməsin, dövlət maraqlarına zidd olmasın"-deyə İbrahimov qeyd edib.

Komitə sədri onu da deyib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Almaniyanın Maynz şəhərinin bələdiyyə başqanının dəvəti ilə həmin şəhərə gedəcək. İbrahimov qeyd edib ki, Almaniyanın Maynz şəhərində çox sayda azərbaycanlı yaşayır. Bu səfər onların təşkilatlanmasına daha da təkan verəcək.

İbrahimovun sözlərinə görə, Maynzın bələdiyyə başqanı Yenz Boytel Azərbaycana səfərindən sonra öz ölkəsinin mətbuatına açıq məktub yazıb: "Bələdiyyə başqanı açıqlamasında Qarabağın Azərbaycan torpağı olduğunu önə çəkib, Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bildirib. Bu, bizim işimizin arzuladığımız yekunudur" - deyə İbrahimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti