...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 4 İyul 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam etdi.

Zərərçəkmiş qismində akademik Nizami Süleymanov dindirilib. O, ifadəsində göstərib ki, bir neçə şəriki ilə "Kristal" Elmi Müəssisənin ərazisini özəlləşdiriblər. Lakin az sonra Əmlak Komitəsindən özəlləşdirmənin ləğv olunacağı barədə məktub gəlib. Bu məktubdan sonra isə Süleymanova bildiriblər ki, F.Əliyev onunla görüşmək istəyir. Görüş baş tutarkən F.Əliyev Süleymanovun qarşısında şərt qoyub ki, əgər müəssisəni ona 400 min ABŞ dollarına satmasa, müəssisənin özəlləşdirilməsi ləğv olunacaq. Süleymanovun ifadəsinə görə, o, F.Əliyevə məcburiyyət qarşısında müəssisəni 400 min dollara satıb. F.Əliyev 400 min dolları ödəyərək, müəssisəni öz müavini İsmayıl Mənsimovun bacısı oğlu Xəyal Səmiyevin adına sənədləşdirib. "Qısa müddətdən sonra eşitdim ki, F.Əliyev həmin müəssisəni Şamil adlı iş adamına 2 mln. dollara satıb. Ona görə də, F.Əliyevin yanına gedərək, 1 mln.600 min dolları mənə verməsini tələb etdim. Lakin uzun danışıqlardan sonra F.Əliyev mənə 250 min dollar verdi" - deyə Süleymanov ifadəsində bildirdi.

Sonra akademik 1 mln. 350 min ABŞ dollar həcmində maddi zərərin, 5 mln. manat isə mənəvi və elmi fəaliyyətinə dəymiş zərərin təzminatının F.Əliyev tərəfindən ödənilməsini tələb etdi. Süleymanov ifadəsini bitirəndən sonra, F.Əliyev qalxaraq ifadəyə münasibətini bildirib və qeyd edib ki, Süleymanov özü onun yanına gələrək, oğluna toy etmək istədiyini bildirib və müəssisəni dəyər-dəyməz qiymətə ona təklif edib. Əliyev də ona 400 min dollar təklif edib və Süleymanov bununla razılaşıb. Bu məqamda məhkəmə zalında Əliyevlə Süleymanov arasında mübahisə yaranıb və onlar qarşılıqlı şəkildə bir-birilərini təhqir ediblər.

Daha sonra məhkəmədə 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə 15 zərərçəkən dindirilib. Dindirilmiş zərərçəkənlər əsasən Çernobıl və Qarabağ əlilləri, onların ailə üzvləri məhkəmə ifadəsində bildirdilər ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələr də, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərərçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdiklərindən pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri F.Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti