Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlar aclığı dayandırmaq üçün həbsxana rəhbərliyinə müraciət edib. Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov cümə günü Trend ə bildirib ki, aclıq edən məhkumların 12-si aksiyanı dayandırmaq barədə ərizə ilə müraciət edib. Rəisin sözlərinə görə, digər məhkumlar da günün sonuna kimi aclığı dayandırmaq üçün müraciət edəcək. Hüseynov bildirib ki, məhkumlara aclığı dayandırmaları üçün heç bir təzyiq göstərilməyib. Bu, məhkumların öz istəyi əsasında baş tutub. Rəis aclıq edən məhkumların səhhətləri ilə bağlı problem olmadığını bildirib.
Məhkumların bir qrupunun valideynləri cümə axşamı "Aqo" Qrupunun nümayəndələri ilə görüşdə onlara ömürlüklərin avropalı ekspertlərlə görüşmək barədə müraciətlərini təqdim edib.Avropalı nümayəndələr məhkumlarla görüşəcəklərini vəd etmişdilər. Bu gün məlum olub ki, "Aqo" Qrupunun nümayəndələri "ömürlüklər"lə görüşə bilməyəcək.
Məhkumların qohumları Qobustanda iyunun 18-də 50-dən artıq ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumun aclıq etdiyini xəbər vermişdi. .
Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı bildirilmişdi. Onlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da olduğu bildirilmişdi və onlar da cəzalarının 15 ilə endirilməsini tələb edirlər.
Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 87 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.
Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.
İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.
Eyni tələblə bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.