...

Nazim İbrahimov: "Dövlət Komitəsi Güney Azərbaycan məsələsi istisna olmaqla, qalan işlərdə DAK-a yardım etməyə hazırdır"

Cəmiyyət Materials 12 İyul 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Güney Azərbaycan məsələsi istisna olmaqla, qalan bütün işlərdə Dünya Azərbaycanlıları Konqresinə (DAK) yardım etməyə hazırdır. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə axşamı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Dövlət Komitəsinin sədri iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilən DAK-ın qurultayında iştirak edib. Onun sözlərinə görə, qurultay tam demokratik bir şəraitdə keçib. İbrahimovun fikrincə, qurultayda DAK-ın sədri seçilən Qulamrza Təbrizi təşkilatı daha da irəli aparacaq, dünyada yaşayan fəal azərbaycanlıları ətrafında birləşdirəcək.

İbrahimov Azərbaycan hökumətinin DAK-a Təbrizinin deyil, əvvəlki sədr Cavad Derəxtinin rəhbər seçilməsinin tərəfdarı olması barədə yayılan fikirləri təkzib edib. Təbrizinin beş il Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədr müavini olduğunu, Azərbaycan prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edildiyini xatırladıb. Onun sözlərinə görə, Dövlət Komitəsi kimliyindən asılı olmayaraq azərbaycançılıq mövqeyində dayanan hər bir kəsin yanındadır: "Azərbaycan dövləti dünyada yaşayan hər bir azərbaycanlının başının üstündə, hökuməti isə onun yanında olmalıdır. Hökumət və dövlət başqa-başqa anlayışlardır. Azərbaycan dövlətini tanımayan diaspor təşkilatı bizə lazım deyil"-deyə İbrahimov vurğulayıb.

DAK-ın yalnız Güney Azərbaycanla bağlı fəaliyyətinə qarışmadığını deyən İbrahimov bildirib ki, Azərbaycan dövləti İranın daxili işlərinə müdaxilə etmir.

Xatırladaq ki, DAK əsasən İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti