...

Qobustan həbsxanasında baş vermiş insidentlə bağlı cinayət işi üzrə bir nəfər məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 16 İyul 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Qobustan qapalı həbsxanasında ötən ilin oktyabrında baş vermiş insidentlə bağlı başlanmış cinayət işi üzrə bir nəfər cinayət məsuliyyətə cəlb olunub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bazar ertəsi Trend ə bildirib ki, bu iş üzrə Samir Ağayev Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

Fakta görə, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə açılmış cinayət işinin istintaqı isə davam edir.

Ağayev Qobustan qapalı həbsxanasında cəza çəkən Nuruş Əliyevlə həbsxanada görüşərkən ona qarşı xuliqanlıq hərəkətləri törədib və məhkuma bədən xəsarəti yetirib. Ağayevə ötən il oktyabrın 28-də Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham elan olunsa da, 128-ci maddə üzrə cinayət işinə sonradan xitam verilib.

Qobustan qapalı həbsxanasının rəisi Sədaqət Ağayev və bölük komandiri Elşən Məmmədov Ədliyyə Nazirliyi tərəfindən Qobustan qapalı həbsxanasında aparılan xidməti yoxlama nəticəsində işdə yol verdikləri nöqsanlara və qanun pozuntularına görə vəzifələrindən kənarlaşdırılıblar. Adıçəkilən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün yoxlama zamanı toplanmış materiallar Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə cinayət işi başlanıb. Hələlik onlar barəsində qətimkan tədbiri seçilməyib.

Qobustan həbsxanasının keçmiş rəisi Sədaqət Ağayevə 6 ayın yekunları ilə bağlı keçirilən müşavirədə fəaliyyətindəki nöqsanlarla bağlı xəbərdarlıq olunub. Ona işində dönüş yaratmaq üçün 3 ay vaxt verilmişdi. Qobustan həbsxanasının mühafizəsini normal təmin etmədiyi üçün o, tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti