...

DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi bəraət istəyir (video)

Cəmiyyət Materials 20 Avqust 2007 13:51 (UTC +04:00)
DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi bəraət istəyir (video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Daxi İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi ona elan olunan ittihamların sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Bu barədə bazar ertəsi Bakı Apellyasiya Məhkəməsində hakim Rəsul Səfərovun sədrliyi ilə Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və digərlərinin apellyasiya şikayəti üzrə keçirilən prosesdə məlumat verilib. Sabiq idarə rəisi Zakir Nəsirov şikayətində məhkəmənin barəsində qərəzli hökm çıxardığını, yalnız Məmmədovun ifadələri əsasında ittiham olunduğunu və məhkəmənin hökm qəbul edərkən yalnız bu ifadələrə əsaslandığını vurğulayıb. Çoxsaylı qətllərdə, adam oğurluğunda, ölümə sui-qəsddə, qanunsuz silah saxlamaqda və digər ağır cinayətlərdə ittiham olunan Məmmədov və rəhbərlik etdiyi dəstənin 25 üzvündən 10 nəfəri ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Apellyasiya şikayəti üzrə məhkəmə baxışında təqsirləndirilənlərdən 23 nəfəri iştirak edib. Prosesə sədrlik edən hakim təqsirləndirilənlərin və vəkillərin apellyasiya şikayətlərini elan edib. Dəstə başçısı Məmmədovun apellyasiya şikayətində onun İsmayılovun, Uşovun və Əyyubovun ölümündə özünü təqsirli bilməməsi və bu cinayətlərə görə ona elan olunan ittihamın üzərindən götürülməsini, həmçinin müsadirə olunmuş əmlak sırasından anasına məxsus Saray qəsəbəsindəki evin sahibinə qaytarılmasını tələb edir.

Təqsirləndirilən Nizami Abdullayev şikayətində Cinayət Məcəlləsinin 94, 220.2, 120.1-ci maddələr üzrə ittihamlara xitam verilməsini, 308.2, 217.2 və 217.3-cü maddələr üzrə aşağı həddə cəza təyin olunmasını istəyib. Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Kamil Sədrəddinov, Ədalət Əsədullayev elan olunan ittihamların sübuta yetirilmədiyini əsas gətirərək onlara bəraət verilməsini xahiş edib. Digər təqsirləndirilənlər də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin barələrində çıxarılan hökmün dəyişdirilməsini istəyirlər.

Təqsirləndirilənlərin bir neçəsinin vəkili məhkəmə iclasında iştirak etmədiyindən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə Hacı Məmmədov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti