...

Hüquq müdafiəçisi:"Azərbaycan da Qırğızıstan kimi inanclı qadınların hüququnu bərpa etməlidir"

Cəmiyyət Materials 22 Avqust 2007 15:12 (UTC +04:00)
Hüquq müdafiəçisi:"Azərbaycan da Qırğızıstan kimi inanclı qadınların hüququnu bərpa etməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu Qırğızıstanda qadınların baş örtüyü ilə pasport şəkli çəkdirməsinə qoyulmuş qadağının ləğvini alqışlayır. Bu barədə o, çərşənbə günü Trend ə açıqlamasında bildirib.

2004-cü ildən başlayaraq Qırğızıstan qadınlarının pasport üçün hicablı formada fotoşəkil çəkdirməsi qadağan edilmişdi. Uzun illər davam edən mübahisələrdən sonra Qırğızıstan hakimiyyəti nəhayət ki, ölkənin müsəlman xanımlarına pasporta hicabla fotoşəkil çəkdirməyə icazə verib.

Bu, Qırğızıstan İnformasiya resursları və texnologiyaları Dövlət Agentliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələrindən ibarət yanvarda yaradılmış komissiyanın qərarı ilə mümkün olub. Həmin qərarda göstərilir ki, Qırğızıstan vətəndaşlarına pasport almaq üçün "sifət ovalını bağlamayan baş örtüyündə fotoşəklin təqdim edilməsinə icazə verilir".

Qırğızıstanın müsəlman xanımlarının bu hüququnun bərpa edilməsi məsələsini şərh edən hüquq müdafiəçisi İbrahimoğlu bildirib ki, Azərbaycan da bu təcrübədən yararlanmalı və inanclı qadınların 1999-cu ildən bəri pozulan konstitusion hüquqlarını bərpa etməlidir.

"Azərbaycanda baş örtüyü bağlayan müsəlman xanımlar o vaxtdan bəri pasport şəkli problemi ilə qarşılaşırlar. Bunun nəticəsində bir çox mülki və siyasi hüquqlarından məhrum olublar. Halbuki, beynəlxalq hüquq praktikasında belə bir qadağa mövcud deyil" - deyə hüquq müdafiəçisi əlavə edib ki, bu qadağa vicdan və etiqad azadlığının pozulması kimi qiymətləndirilir.

Qırğızıstanda sözügedən qadağanın götürülməsi postsovet məkanında artıq ikinci haldır. Daha əvvəl belə bir qadağa rəsmi şəkildə Rusiyada aradan qaldırılmışdı.

Xəbər lenti

Xəbər lenti