...

Bakının 2020-ci il Olimpiya Oyunlarında namizədliyinin canlı video-konfrans vasitəsilə təqdimatı keçirilib

İdman Materials 6 Aprel 2012 13:43 (UTC +04:00)
Bakı 2020 Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçirib.
Bakının 2020-ci il Olimpiya Oyunlarında namizədliyinin canlı video-konfrans vasitəsilə təqdimatı keçirilib

Azərbaycan, Bakı, 6 aprel / Trend/

Bakı 2020 Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçirib.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı, Doha, İstanbul, Madrid və Tokio şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqə ərzində canlı video-konfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqə ərzində isə BOK tərəfindən qaldırılan suallara cavab verməli idilər.

Gənclər və idman Naziri Azad Rəhimovun rəhbərliyi ilə Bakı 2020-nin texniki təqdimatı üçün təşkil edilən heyətdə Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AFFA-nın baş katibi Elxan Məmmədov, ARDNŞ-nin Layihələrin idarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və Bakı-2020 ekspertlər qrupunun üzvü Devrim Kara iştirak ediblər.

Təqdimatın uğurlu keçdiyini qeyd edən nazir Rəhimov bildirib ki, mütəxəssislərimiz yüksək səviyyəli təqdimat hazırlayıblar.

"Deyə bilərəm ki, Beynəlxalq Olimpiya Komitəsinin Ekspertlər Qrupu təqdimatımızı çox müsbət qarşıladı. Qarşımızda duran növbəti geniş təqdimat isə Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçiriləcək Baş Assambleyasında baş tutacaq. 1000 nəfərin iştirak edəcəyi həmin toplantıda Təşkilat Komitəmiz 10 dəqiqəlik təqdimat edəcək", - nazir deyib.

BOK-un qaydalarına əsasən, texniki təqdimatın məzmunu məxfi saxlanılır.

Bu ilin may ayında 2020-ci il Olimpiya Oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun olaraq Təşkilat Komitələrindən müvafiq təqdimatlar tələb olunurdu. Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti