...

Azad Rəhimov: Bakı artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib

İdman Materials 13 Mart 2013 10:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

Bakı artıq dünyanın idman mərkəzlərindən birinə çevrilib. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü Bakıda YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclasında çıxışı zamanı deyib.

"Ötən illər ərzində idman sahəsində əldə olunan nailiyyətlər müstəqil ölkə kimi Azərbaycanın həyatında mühüm rol oynayıb. İldən-ilə Azərbaycanın idman sahəsində potensialı güclənir. Bu gün idman Azərbaycanda ictimai həyatın mühüm bir hissəsinə çevrilib. Azərbaycanda sosial-iqtisadi vəziyyətin sürətlə inkişaf etməsi idman sahəsində də inkişafa şərait yaradıb", nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı, gənc nəsillərin sağlam tərzdə yetişdirilməsi, kütləvi bədən tərbiyəsinin və idman məşğuliyyətinin təmin edilməsi, Olimpiya hərəkatının təbliğ edilməsi, idmanın hüquqi bazasının yaxşılaşdırılması dövlət siyasətinin əsas proritetlərindən biridir.

Qeyd edək ki, fövqəladə iclas bu ilin may ayında Almaniyanın paytaxtı Berlin şəhərində Ümumdünya Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Rəsmilərin 5-ci Konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı son tamamlama işlərini görmək məqsədini daşıyır. Tədbirdə 50 nəfərdən çox nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti