Azərbaycan, Bakı, 16 may /Trend/
10-14 may 2013-ci il tarixlərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turniri keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsraildən ümumilikdə 131 idmançı mübarizə aparmışdır.
Turnirdə respublikamızı Azərbaycan milli yığma komandasının üzvləri, eyni zamanda, "Qızıl Əlcək" İdman Klubunun boksçuları - Həsənli Turan (66 kq), Tarverdili Hüseyn (70 kq) və Mehdiyev Şükran (89 kq) təmsil edib. Olnar milli yığmanın tərkibində 1 qızıl (Tarverdili Hüseyn) , 1 gümüş (Mehdiyev Şükran), 1 bürünc (Həsənli Turan) medal qazanıblar.
Tarverdili Hüseyn bu turnirin "Ən texnikalı boksçusu" adına layiq görülüb.
Medal qazanan boksçular bu ilin avqust ayında Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək dünya birinciliyində respublikamızı təmsil edəcəklər.
Qeyd edək ki, "Qızıl Əlcək" İdman Klubunun yerli və beynəlxalq yarışlarda iştirakına "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC maliyyə dəstəyi göstərir.